
“Neftçi” Premyer Liqanın 3-cü turunda da qələbəyə həsrət qaldı.
“Şamaxı” və “İmişli” ilə bərabərə qalan “ağ-qaralar” bu dəfə “Turan Tovuz”a boyun əydi – 0:1.
Emin Mahmudov daxil bəzi futbolçular jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırsalar da, müdafiəçi Murad Xaçayev sinəsini irəli verib “buyurun” dedi.
- Özünü necə hiss edirsən?
- Belə oyundan sonra təbii ki, yaxşı deyiləm. Lazımsız qol buraxdıq, 10 nəfər qalmağımıza baxmayaraq layiqincə mübarizə apardıq, qol imkanları yaratdıq. Lakin yekunda məğlub olduq. Utancvericidir təbii ki. “Turan Tovuz”un qol vurduğu epizoddan başqa hansısa fürsət yaxaladığını xatırlamıram.
- “Neftçi”nin futbolçularının nəyə ehtiyacı var?
- Futbol oynamağımız üçün hər bir şərait yaradılıb. Hətta deyərdim ki, ən yüksək səviyyədədir. Sadəcə, qələbə çatmır. Qələbə üçünsə sonluğu qoymaq, qol vurmaq lazımdır. Hamı görür ki, normal futbol oynayırıq, əlverişli imkanlar yaradırıq, dominantlıq edirik. Bir qələbə lazımdır bizə. Özünəinam yaranandan sonra davamı gələcək.
- “Turan Tovuz” qələbəni haqq edirdi?
- Bu barədə nəsə deməyim doğru olmaz. Biz oynayırdıq, onlar qaçırdı, mübarizə aparırdı. Onu deyə bilərəm ki, bir dəfə yarımepizod yaradıb qol vurdular. Biz isə 10 nəfərlə qalmağımıza baxmayaraq, bir neçə dəfə qola yaxın olduq. Sualınıza matçı kənardan izləyənlər dəqiq qiymət verə bilər.
-Həlledici məqamda İqor Ribeyro kimi davranıb komandanı azlıqda qoyardın?
- Həmin anda aralarında nə baş verdiyini bilmədiyim üçün “edərdim, ya yox” şərhini vermək çətindir. Epizodu dəqiq görmədim. Bəlkə də rəqib oyunçu həmin anda hakimi etdiyi “gözəlliyə” inandırmağı bacardı. Belə oyunlarda emosiyalar vacib rol oynayır. Bir saniyənin içində özündən çıxırsan, sakitləşəndə gec olur.
- “Neftçi”nin emblemini daşımaqla “Sumqayıt”ın formasını geyinmək arasında nə qədər fərq var?
- “Neftçi” böyük ad, ağır məsuliyyət, böyük azarkeş kütləsi deməkdir. Burada daim təzyiq altında olursan, daim səndən tələb edirlər. Bu formanı geyinən hər bir kəs fərqi mütləq ki, hiss edir.
HƏBİB / SPORTİNFO.AZ