
Kenan Piriç "Neftçi"də səhvləri ipə düzür.
Arxada qalan 3 turun hamısında Bosniya və Herseqovinadan olan qapıçı kobud xətası ilə yadda qalıb.
Komandanın buraxdığı iki qol birbaşa onun adı ilə bağlıdır.
Əslində əcnəbi qapıçının pis karyerası olmayıb.
Böyük ümidlərlə heyətə cəlb edilib.
Mən özüm də çox uğurlu transfer olduğunu düşünürdüm.
Bəlkə də məşqçilər korpusu onu əsas heyətdə meydana buraxmaqda tələsdilər.
Tətildən qayıdan adam yay təlim-məşq toplanışında da demək olar iştirak etməmişdi.
Belədə idman formasından uzaq olması normaldır.
Bəlkə də Samir Abasov Kenana aşırı güvənməklə ona inam vermək istədi.
Amma təcrübəli mütəxəssis qaş düzəldən yerdə, sanki vurub gözünü çıxardı.
Çünki hazır olmadığı halda qapıya qoyub, belə səhvlərə yol açmaq Kenanı psixoloji olaraq da sındıra bilər.
Dərd ondadır ki, Kenana aşırı güvən fonunda klubun yetirməsinə qarşı neqativ görüntü formalaşdı.
Rza Cəfərovdan əsas heyətlə bərabər kapitanlıq sarğısı da geri alındı.
Qısası, Abasov Rzanı da ehtiyata göndərməklə oxşar aqibəti yaşatmış oldu.
Hardan baxsaq, Abasovun qapı mövqeyində səhvə yol verdiyi görünür.
Hələ mövsümün əvvəlində bunun doğru olmadığını qeyd etmişdik.
Bəlkə də Rza ilə başlayıb, zamanla Kenana əsas heyətin qapısını açmaq daha doğru olardı.
Əcnəbi qapıçı öz zəhməti ilə qazanacağı əsas heyətin dəyərini də onda daha çox bilmiş olardı.
Daha indiki kimi özünü toxunulmaz hiss etməzdi.
XANOĞLAN İMANOV