“Neftçi”nin çarəsiz baş məşqçisini diz çökdürən… VİDEO

14:40 Neftçi 437
“Neftçi”nin çarəsiz baş məşqçisini diz çökdürən… VİDEO

Samir Abasovu yıxılan, diz çökdürən görməmişdik.

Bassala Sambu bunu da ona etdirdi.

İngiltərəli hücumçu dünən elə «oyun» çıxartdı ki, «Neftçi»nin baş məşqçisinin özünü yerə atmaqdan savayı çarəsi qalmadı.

«Neftçi» yenə o deyil, min təəssüf! Heyətdə köklü islahatlar aparmış komanda ötənilki «libas»ını soyunmayıb. Sanki hər şey qaldığı yerdən davam edir.

Dəyişən sadəcə futbolçulardır, formanın arxasına yazılan adlardır. Komanda oyunu yoxdur.

Hər şey ayrı-ayrı futbolçuların individual hərəkətlərindən asılıdır: ümumi üslubdan, kollektiv işdən, məşqçi əməyindən danışmaq yersizdir.

Öz aramızdır, olmayan şeyin nəyindən danışasan?

Açılış turunda «Şamaxı» ilə evdə 1:1 etdilər, dedik ki, bu bir təsadüfdür. «İmişli» ilə dünənki oyundan umacağı isə çox idi «Neftçi» fanatının.

Debütanta 4-5 qol vuracaqlarını gözləyirdilər komandalarının. 0:0 ən pessimist «Neftçi» azarkeşinin heç yuxusuna da girməzdi.

Bu daş, bu da tərəzi: siz deyin, biz neçə dəfə Samir Abasova çağırış etmişik? Ki, ay qadan alım, ay başına dönüm, hər mövqeyə transfer eləmisən, bəs hansı sənin hücumçun?

Ramil Şeydayevin əsas komandadan uzaqlaşdırılacağı çoxdan bəlli idi, nədən onun yerinə kimisə gətirmədin? O tapa bilir, bu tapa bilir, sən yox?

Elə isə çək əzabını! Sambunun «Neftçi»nin qol yarasına məlhəm olmayacağı cari ilin əvvəlində, bura təzə gəldiyi aylarda məlum etmişdi də özünü.

Qapını hiss edən, qol duyumu olsaydı, hər il klub dəyişməzdi o. Sambu ilə çempionluq savaşına girmək istəyən Samir Abasov bu gün dik çökürsə, sabah texniki zonadan xərəkdə çıxarılacaq, birbaşa xəstəxanaya aparılacaq.

Oradan da istefa ərizəsi yazması üçün klubun ofisinə dəvət olunacaq.

«İmişli» I Liqanın bir qədər üstündə komandadır. Premyer Liqa səviyyəsinə hələ yaxın gəlmirlər.

Belə rəqiblə oyunda sürəti işə salmasan, mərkəzi bir ötürməylə keçməsən, ikiqat müdafiə xətti ilə qarşılaşacaqsan.

«Neftçi»nin futbolçuları 60-cı dəqiqəyə kimi əzilib-büzülərək topu ora-bura daşıdı, sonra da Sambu 3-4 metr məsafədən boş qapıya düşə bilmədi.

Kapitan sarğısı Emin Mahmudova qaytarıldı, o isə hələ də meydana qayıtmayıb. Mahmudov tez fikirləşir, gec hərəkət edir, düzgün qərar verməyə yubanır.

Samir Abasov sevimli yarımmüdafiəçisinin üzünə su vurmalı, ehtiyata çəkməlidir artıq. Onsuz, faydalı iş əmsalı 0-ın həndəvərində dolaşır.

MUSA

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti