
“Şamaxı”yla 1:1-lik bərabərlikdən sonra “Neftçi”də üzlər gülür.
Baş məşqçi Samir Abasovu sevindirən məqam futbolçuların tam tərkibdə sərəncamında olmasıdır.
Belə ki, təcrübəli çalışdırıcı açılış turunda zədədən qayıdan İmad Farajı meydana buraxmağa risk etməmişdi. Əsas heyət üçün nəzərdə tutulan digər zədəli Freddi Varqas isə ikinci yarının gedişində mübarizəyə qoşulmuşdu.
Yenilənmiş komandanın aparıcı simalarından hesab olunan Farajla Varqas həftəiçi məşqləri tam gücləri ilə keçib. Abasovun Şamaxıdakı oyunda hər ikisinə şans verəcəyi gözlənilir.
“Şamaxı”yla görüşün 72-ci dəqiqəsində özünü pis hiss etdiyinə görə əvəzlənən Elvin Bədəlovun durumu da qənaətbəxşdir. O da digərləri kimi, “İmişli”ylə görüşün hazırlıqlarında iştirak edib.
Ağrıları olduğuna görə adı “23-lüy”ə salınmayan Rza Cəfərova gəlincə, o da hazır vəziyyətə gətirilib.
Bir sözlə, “Şamaxı” ilə qarşılaşmadan əvvəl bəzi itkilərə görə qayığılı görünən baş məşqçi indi rahatdır. Əlindəki “kartların” hamısından istifadə edə biləcək gücdədir.
Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 17:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ