“Neftçi”dəki tanınmışın halına baxın - Nə günlərə qaldın sən?!

18:00 Neftçi 513
“Neftçi”dəki tanınmışın halına baxın - Nə günlərə qaldın sən?!

Ramil Şeydayev sümük olub keçib “Neftçi”nin boğazına.

88 yaşlı klub aylardır ayağına düşdüyü 29 yaşlı futbolçudan canını qurtara bilmir.

Ötən yay Roman Qriqorçukun tələbi, rəhbərliyin də xeyir-duası ilə kluba 2 illik urcah edilən Azərbaycan millisinin sabiq üzvü özünü görməməzliyə və eşitməməzliyə vurub.

Peşəkar müqavilənin şərtlərini əsas gətirərək heç yerə getmək istəmədiyini deyir, 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulan pulunu son qəpiyinə qədər tələb edir.

Pul da nə qədər olsa yaxşıdır? 550 min dollar, yəni 935 min manat.

Əlbəttə, pul tələb etmək futbolçunun haqqıdır. Adama deyərlər, klub rəhbəri olaraq ağlın var idi, o məbləğə qol çəkməzdin. Razılaşmısansa, müqavilə şərtlərinə əməl et.

Yayda “Neftçi”dən yola salınan Rafael Quzzo, Dembo Darbo, Robert Bauer kimi əcnəbilərin durumu Ramilinki ilə eyni idi. Yəni bakılılarla sözləşməsi növbəti mövsüm üçün də qüvvədə qalırdı.

Lakin onlar bir neçə aylıq maaşı almaq şərti ilə razılaşıb, yolların ayrılmasına qərar verdilər. Çünki baş məşqçiyə lazım olmadıqlarını anlayırdılar. İstənilməyən yerdə “artıq” kimi oturmağı özlərinə sığışdırmadılar. Dugər tərəfdən, “Neftçi” formasında ümidləri doğrultmadıqlarını da anlayırdılar.

Şeydayev özünü Alfa Konte kimi aparır. Hətta Konte də razı salmaq mümkün oldu. Ancaq bu adam getmək niyyətində deyil.

Olan-qalan nüfuzunu xərcləməyə, azarkeşlərin, ictimaiyyətin gözündən düşməyə ikiəlli razıdır. Təki pul qazansın, oynamaya-oynamaya milyona yaxın vəsaiti qoparsın.

Peşəkarlıq mütləqdir, ancaq bu şəkildə peşəkarlıq olmur.

Ötən mövsüm kifayət qədər şans verildiyi halda, meydanda yalnız ayaq sürüməklə yadda qalıbsa, vəziyyəti başa düşüb özü getməlidir. Yox, məqsədi futbol oynamaq yox, məhz pul qazanmaqdırsa, işi avand, ruzisi bol olsun.

Vaxtilə Azərbaycan millisinin yükünü çiyinlərində daşıyan, Rusiya U-21 yığmasının heyətində qolları sıralayan, “Qarabağ” formasında Premyer Liqanın bombardiri adını qazanan adamın indiki halına baxın.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti