
«Neftçi»dən gözləntilər böyükdür.
Yayın ilk iki ayında aparılan islahatlardan sonra komandanın necə görünəcəyi maraq doğururdu.
«Şamaxı» ilə qarşılaşma mövcud sualların bir çoxuna cavab tapmadı.
Yeni mövsümün ilk oyunu olduğu üçün dəqiq demək çətindir ki, Samir Abasovun formalaşdırdığı bu komanda çempionluq yolunda nə qədər gedə biləcək.
Ötən müddətdə dəyişən bir şeylər varmı? Əlbəttə!
Nədir ən böyük dəyişiklik? İstək.
«Şamaxı» ilə oyundan böyükhesablı qələbə gözləyən «Neftçi» tərəfdarı stadionu 1:1-in yaratdığı qarışıq hislərlə tərk etdi.
Nə mane oldu?
Cordan Rezabalanın dirəkdən dönən iki topu yox…
Problem hücum zonasındadır. Samir Abasov Ramil Şeydayevi neçə ay qabaq hesabdan silib. Şeydayevlə yolları ayırmağı 7-8 ay əvvəl planlaşdıran baş məşqçi bu mövqeyə alternativ tapmayıb,
Bassala Sambu ilə yola davam etməyi qətiləşdiribsə, ən böyük səhvə yol verib.
«Neftçi» mövsümlərarası fasilədə 12 bazarlıq həyata keçirib. Baxın, 12 yeni oyunçudan biri də hücumçu deyil.
Necə ola bilər axı, bu?
«Neftçi» kreativ keyfiyyətli ön xətt oyunçusuna möhtacdır.
Üzü qapıya dönük, topu rəqibin cərimə meydançasına daşıya bilən, qapını hiss edən forvard gəlməyəcəksə, tərəfdar bu cür üzücü «sürprizlər»i tez-tez yaşayacaq.
Müdafiəçi və yarımmüdafiəçiləri bir üzüyə bənzədək. Üzüyün qaşı isə hücumçudur. Qaşı olmayan üzüyün nə qiyməti olacaq ki?
MUSA