
Falaye Sakonun “Neftçi”yə neçəyə başa gəlməsi məlum olub.
Bakılılarla 2+1 illik müqavilə bağlayan Mali millisinin sağ cinah müdafiəçisi il kiki mövsümdə 850 min dolların üstündə maliyyə əldə edəcək.
Razılaşmaya əsasən, afrikalı legionerin 2028-ci ili Azərbaycanda qarşılaşması ”ağ-qaralar”dan asılıdır. Çıxışı onları razı salarsa, illik gəliri yarım milyon dolları rahat-rahat keçəcək.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümdə Liqa 1-də “Monpelye”yə məxsus olub. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.
“Monpelye” ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.
Sako ilk mövsümdə Fransada icarə əsasında çıxış edib, daha sonra isə Portuqaliya “Vitoriya”sına 1,3 milyon avro ödəyən “Monpelye” onu birdəfəlik transfer edib.
Falayenin fransızlarla müqaviləsi gələn yay başa çatırdı. “Neftçi”nin onun üçün nə qədər transfer haqqı ödədiyi də aşağı-yuxarı bəllidir.
Premyer Liqada yenidən çempionluq uğrunda mübarizəyə qoşulmaq iddiasında olan “ağ-qaralar“ 300 min avro civarında xərcə düşüb.
Bakılılar titul qazanarsa və ya avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanarsa, fransızlara çatacaq məbləğ bir qədər də artacaq - bonus kimi.
SPORTİNFO.AZ