
“Neftçi” növbəti transfer çalışmasını bitirib.
Falaye Sakko artıq “ağ-qaralar“ın yeni oyunçusudur.
Danışıqlar aparmaq üçün Bakıya gələn “Monpelye”nin müdafiəçisi gördüklərindən razı qalıb.
30 yaşlı sağ cinah oyunçusu tibbi müayinədən uğurla keçib və iki illik müqavilə şərtlərinə razılıq verib.
Mali millisinin üzvü 2022-ci ildən “Monpelye”nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.
Sako ilk mövsümdə Fransada icarə əsasında çıxış edib, daha sonra isə Portuqaliya “Vitoriya”sına 1,3 milyon avro ödəyən “Monpelye” onu birdəfəlik transfer edib.
Falayenin fransızlarla müqaviləsi gələn yay başa çatırdı. “Neftçi”nin onun üçün nə qədər transfer haqqı ödədiyi də aşağı-yuxarı bəllidir.
Premyer Liqada yenidən çempionluq uğrunda mübarizəyə qoşulmaq iddiasında olan “ağ-qaralar“ 300 min avro civarında xərcə düşüb.
Bakılılar titul qazanarsa və ya avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanarsa, fransızlara çatacaq məbləğ bir qədər də artacaq - bonus kimi.
SPORTİNFO.AZ