
“Neftçi” rəhbərliyi yenidən Andrey Ştoqrinlə danışıqlar masası arxasına əyləşib. Məqsəd ukraynalı hücumçunu müqaviləni qarşılıqlı şəkildə pozmağa razı salmaqdır.
Bakılılar 26 yaşlı legionerlə ötən ilin yayında 3 illik anlaşmaya qol çəkib. Roman Qriqorçukun həmin vaxt “ağ-qaralar“a urcah etdiyi forvard ötən müddətdə gözləntilərin altında qaldı. Məhsuldarlığı aşağı olan Ştoqrini əslində, Samir Abasov çoxdan «qara siyahı»ya daxil edib. Elə bu üzdəndir ki, baş məşqçi Polşadakı toplanış zamanı yoxlama matçlarında ona demək olar şans tanımadı.
Çalışdırıcının fikri qətidir - Andreyə
88 nömrəli formanı bir daha geyinmək fürsəti vermək istəmir. Danışıqlar isə çətin irəliləyir. Düşərgədəki əcnəbilərin sayını azaltmaq istəyən funksionerlər ukraynalıya müəyyən qədər təzminat ödəməyi planlaşdırır. Təqribən 6 aylıq maaş miqdarında. Qarşı tərəf isə hələ 2 illik sözləşməsinin qüvvədə qalmasını əsas gətirərək, maliyyə şərtlərində güzəştə getməkdən yayınır, hər dəfə bir bəhanə gətirir. Gah xanımının Bakıda yaşamaqdan xoşbəxt olduğunu, gah da başqa yerlərdən normal təkliflər almadığını deyir. Əlqərəz, o, müharibənin getdiyi ölkəsinə qayıtmamaqdan ötrü bütün vasitələri işə salıb.
Üç fərqli mövqedə - hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in əsas komandasında çıxış edib. 2023/24 mövsümündə Odessa təmsilçisin34 oyun keçirib, 12 qol vurub. “Neftçi“dəki göstəriciləri isə bundan çox-çox aşağıdır - Premyer Liqada cəmi 2 dəfə fərqlənə bilib.
SPORTİNFO.AZ