
Polşa toplanışını başa vuran “Neftçi” istirahətə çəkilib.
Baş məşqçi Samir Abasov Avropada tər tökən kollektivə 3 günlük dincəlmək imkanı yaradıb.
Bu, o deməkdir ki, “ağ-qaralar” məşqlərini avqustun 6-da bərpa edəcək.
Komanda üzvləri çərşənbə günü “Neftçi” Futbol Mərkəzində bir araya gəlib, Premyer Liqanın I turunun “Şamaxı” ilə qarşılaşmasına hazırlaşacaq.
“Araz-Naxçıvan”dan transfer olunan İqor Ribeyronu “Neftçi”nin üzvü hesab edə bilərik.
Bakılılarla bağladığı müqavilə avqustun 1-də qüvvəyə minən braziliyalı mərkəz müdafiəçi “ağ-qaralar”ın Bakıdakı, yəni sonuncu toplanışında iştirak edəcək.
Mövsüm başa çatandan sonra paytaxt təmsilçisi Yuri Matias (“Ajman”, BƏƏ), Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev (Səbail), Azər Salahlı (İmişli), Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer (“Buriram Yunayted”, Tayland), Dembo Darbo, Filip Ozobiç (Turan Tovuz), Ervin Koffi (“Genqam”, Fransa), İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.
Gedənlərin yerinə Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), İqor Ribeyro (Araz-Naxçıvan), İmad Faraj (“AEK Larnaka”, Kipr), Freddi Varqas (“Makkabi Netanya”, İsrail), Cordan Rezabala (“Dorados”, Meksika), Kristian Kostin (“Dinamo Buxarest”, Rumıniya), Kenan Piriç (“Antalyaspor”, Türkiyə), Alessio Kurçi (“Francs Borains”, Belçika) ilə müqavilə bağlanıb.
HƏBİB / SPORTİNFO.AZ