
“Neftçi” transfer çalışmalarında sürəti artırıb.
Növbəti mövsüm üçün iddialı kollektiv qurmağı planlaşdıran baş məşqçi Samir Abasov ehtiyac duyduğu mövqelər üzrə siyahını rəhbərliyə təqdim edib.
Komandanı tərk edən 13 futbolçunun yerinə 6 nəfər cəlb olunub, Polşa toplanışına aparılan Cordan Rezabala ilə Freddi Varqasın keçidi yaxın günlərdə elan olunacaq.
Lakin bu, hələ son deyil. Komandanın tam komplektləşməsi üçün daha 4-5 yeni oyunçuya ehtiyac var.
“Çərçivə”də Rza Cəfərovla Emil Balayev olsa da, baş məşqçi rəqabətin artması üçün əcnəbi qolkiperin xidmətində maraqlıdır. Hazırda bu yöndə axtarışlar davam edir.
Müdafiənin mərkəzinə Elvin Bədəlov, Murad Xaçayev və İqor Riberyro cəlb olunub. Daha bir stoper axtarılır.
Müdafiənin sağ cinahı faktiki boş qalıb. Düzdür, Andrey Ştoqrin var, ancaq ukraynalı baş məşqçinin əsas heyətlə bağlı planlarına daxil deyil. Ora mütləq bir nəfər gətirilməlidir.
“Sol” isə Mustafa Sekin ümidinə qalıb. Bu mövqe üçün də nümizədlər gözdən keçirilir.
Yarımmüdafiə xətti ilə bağlı missiyanı tamamlanmış hesab edə bilərik. Emin Mahmudov, Emil Səfərov, Elvin Camalov, Ryonosuke Ohori, Sessi D'Almeyda, Edvin Kuç – göründüyü kimi, say kifayət qədərdir. Freddi Varqasın transferi ilə nöqtə qoyulacaq.
Orta xəttin cinahlarında Murad Məmmədovla Aleks Fernandesə yeni transferlər Luis Ortis və İmad Faraj qoşulub. Cordan Rezabalanın gəlişi ilə rəqabət birə-beş artacaq.
Qol vurmaq öhdəliyi bütünlüklə Bassala Sambunun çiyinlərində qalıb. Ramil Şeydayevin əvvəlki formasından uzaq düşdüyünü və klubdan ayrılmaq ehtimalını göz önünə gətirsək, azı bir hücumçunun transferi mütləqdir.
Beləliklə, hazırda “Neftçi”də bu mövqe üçün futbolçular çıraqla axtarılır – qapıçı, stoper, sağ və sol cinah müdafiəçiləri, hücumçu.
“Ağ-qaralar” əvvəlki illərdən nəticə çıxararaq tələsmək istəmir. Hansısa futbolçu ilə danışıqlara başlamaışdan əvvəl 100 ölçüb, 1 biçirlər. Azarkeşləri narahat edən ləngimə də buna görədir.
HƏBİB / SPORTİNFO.AZ