
“Neftçi”nin yay fasiləsində heyətinə qatdığı üçüncü əcnəbi İmad Faraj oldu.
Normal karyerası, yaxşı istedadı olan yarımmüdafiəçi ətrafında müzakirələr davam edir.
Ondan gözləntilər böyükdür.
Amma 26 yaşlı legionerin təkcə potensialı yox, həm də "ağ qaralar"ın ona görə düşdüyü xərcin miqyası da ciddi sorğu-sual olunur.
Hətta bakılıların bu keçid üçün Kipr AEK-nə 700 min avro təzminat ödədiyi iddia olunur.
Kifayət qədər böyük və narahatlığa əsas verən rəqəmdir.
Bəs həqiqət payı?
Klubdan əldə etdiyimiz məlumata görə, iddialar həqiqəti əks etdirmir.
Bəli, Faraja görə kiprlilərə təzminat ödənilib.
Amma deyilən rəqəmdən ən azı iki dəfə az.
Təxminən 300-350 min avro.
Xatırladaq ki, “Lill” akademiyasının yetirməsi olan İmad Faraj “Neftçi” ilə 3 illik müqavilə bağlayıb. O, Fransanın U-16, U-17, U-18 və U-19 millilərinin şərəfini qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ