
“Neftçi”nin məşqlərinə daha bir futbolçu qoşulub.
Bu, ötən mövsümün ikinci yarısında komandanın uğurları üçün tər tökmüş Aleks Fernandesdir.
Braziliyalı yarımmüdafiəçinin hazırlığın ilk günlərindən kollektivlə birgə olmamasından belə başa düşmək olardı ki, Aleksin “ağ-qaralar”la icarə müqaviləsi başa çatıb.
Çünki klubun fevralın 11-də yaydığı məlumatda “11 nömrə”nin mövsümün sonuna qədər icarəyə götürüldüyü, ehtiyac yaranacağı təqdirdə sözləşmənin daha 6 ay uzadıla biləcəyi bildirilmişdi.
Sən demə, Fernandesin 6 aylıq müqaviləsi qüvvədədir. Yəni bu ilin sonuna qədər paytaxt təmsilçisinə məxsusdur. Və o, anlaşmanın şərtlərinə əsasən məşqlərə qoşulub.
Lakin karyerasını “Neftçi”də davam etdirəcəyi sual altındadır.
Abasov braziliyalını sərəncamında görmək üçün alışıb-yanmır. Daha bacarlıqlı biri ilə müqavilə bağlanmasının tərəfdarıdır ki, bu yöndə axtarışlar davam edir.
Futbolçu və meneceri, eləcə də müqavilə ilə məxsus olduğu “Baltika” da məsələdən xəbərdardır.
Hazırda Aleksə başqa klub tapılması yönündə iş gedir. Rusiya klubu ilə yanaşı, futbolunun agenti də bununla bağlı axtarışdadır. Hansısa təklif olacağı halda solaxay “sambaçı” “Neftçi”dən ayrılacaq.
Əks təqdirdə ağ-qara formanı geyinməkdə davam edəcək.
Görünən odur ki, “Neftçi”dəki problemləri qurtarmır. Ötən mövsüm bağlanan müqavilələr klub rəhbərliyini və baş məşqçini sözün əsl mənasında dərdə salıb. Bilmirlər təmizləməyə vaxt ayırsınlar, yoxsa güclənməyə zaman və pul tapsinlar.
HƏBİB / SPORTİNFO.AZ