“Neftçi”nin yeni transferi barədə hər şey – O, 119 oyunda nə edib?

19:40 Neftçi 529
“Neftçi”nin yeni transferi barədə hər şey – O, 119 oyunda nə edib?

“Neftçi” növbəti mövsüm üçün ikinci transferini gerçəkləşdirdi.

Sessi D'Almeydanın ardınca Luis Ortis “ağ-qaralar”la münasibətləri rəsmiləşdirdi.

Paraqvaylı vinger qarşıdakı 1 ildə icarə əsasında bakılılara məxsus olacaq.

2000-ci il doğumlu futbolçunun karyerası ölkəsi ilə bağlıdır. Peşəkar karyerasına 19 yaşında “Sol de Amerika”da başlayan futbolçu sonradan “San Lorenzo” və “Sportivo Ameliano” komandalarının uğurları üçün tör töküb.

O, Paraqvayın yüksək dəstəsində şans qazandığı 68 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına ümumi baxış keçirəndə isə, burada 119 qarşılaşmada 13 qol və 9 assist görmək mümkündür.

Yarımmüdafiənin bütün mövqelərində oynamaq bacarığı ilə seçilən Ortis indiyə qədər ən çox sol cinah yarımmüdafiəçisi kimi oynayıb – 71 matç.

Matçların 21-də sol vinger, 13-də hücumameyilli yarımmüdafiəçi, 8-də sağ cinah yarımmüdafiəçisi, 5-də mərkəz yarımmüdafiəçisi, 1-də sağ vinger kimi ümidləri doğrultmağa çalışıb. Məhsuldarlıq baxımından ən uğurlu olduğu mövqe yarımmüdafiənin soludur.

Futbolçu keyfiyyətlərinə və oyun üslubuna gəlincə, ən böyük üstünlüyü sürətidir. Pusquda dayanıb öz cinahına uzun ötürmələr gözləyir və bu fürsət əlinə düşəndə sürəti ilə gövdəsindən istifadə edib topu daşımağı yaxşı bacarır.

Qapı qarşısına iti ötürmələri olduğu kimi, öldürücü zərbələrini də görmək mümkündür.

İstedadına baxsaq, “Neftçi”yə hansısa mənada fayda verəcəyini deyə bilərik. Hər halda izlədiyimiz görüntülərdən bunu demək mümkündür. Lakin bir əmma var ki, Luis ilk dəfə vətənindən ayrı düşür.

Ölkəmizdə sərgilənən futbol, komandadakı ab-hava, yerli mentalitet, məşqlərə yanaşma – bu və digər səbəblər onu zirvəyə qadıra biləcəyi kimi uçuruma da apara bilər.

Yaxın keçmişdə Lukas Melano təcrübəsi yadınızdan çıxmayıb ki?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti