
"Neftçi" üçün daha bir uğursuz mövsüm arxada qaldı.
"Ağ qaralar" aktivinə yazdırdığı 43 xalla Premyer Liqanı 6-cı sırada tamamladı.
Avrokuboklara getmək üçün qısa yol kimi görülən Ölkə Kubokunda isə komanda finalın biraddımlığında dayandı.
Burada "Sabah"dan alınan məğlubiyyəti bir çoxları "Neftçi" adına pozitiv məqam kimi qiymətləndirir.
Ki, hazırkı sınıq-salxaq heyətlə tələm-tələsik hazırlaşıb avrokuboklarda iştirak etməklə ciddi nəsə qazanmaq real deyildi.
Bu gün isə yeni mövsümə hazırlaşmaq üçün bakılıların kifayət qədər uzun zamanı var.
İlk baxışdan məntiqli yanaşmadır.
Amma bir qədər geriyə boylananda görürük ki, ötən ilin bu günləri də eyni fikirlər "Neftçi" ətrafında müzakirə olunurdu.
Ancaq yekunda nə gördük?
Roman Qriqorçuk gətirildi, uğursuz transferlər edildi və həmin möhlətdən düzgün istifadə oluna bilmədi.
İlk belə təcrübə işə yaramadı.
Bu da "Neftçi" üçün ikinci oxşar şans.
Görək aqibət oxşar olacaq, yoxsa təcrübə işə düşəcək?
Buraxılan səhvlərdən dərs alınacaq və daha güclü "Neftçi" qayıdacaqmı?
"Neftçi" azarkeşlərini hazırda ən çox narahat edən məhz bu sualdır.
XANOĞLAN / SPORTİNFO.AZ