
“Neftçi”dən ayrılan futbolçuların indiki halından xəbəriniz var?
Hərəsi bir ölkədə kef çəkir. Yayın ilk günlərinin ləzzətini dadır.
Yuri Matias Braziliyada əylənir, Yeqor Boqomolski sevgilisi ilə birgə Barselonada “Formula-1”i izləyir, Höccət Haqverdi basseynin kənarında günəş şüaları qəbul edir.
Komandanın mövsümü biabırçı nəticələrlə başa vurması heç qulaqlarının dibinə da deyil. Belə də olmalıymış kimi həzz alırlar.
Əlbəttə, istirahət etmək hər birimizin haqqıdır. İllah da hansısa uğursuzluqdan sonra dincəlməyə ehtiyac yaranır.
Ancaq bunu açıq şəkildə etmək. Yəni şəkil və videoları sosial şəbəkə hesablarında paylaşıb, rəhbərliyi, azarkeşləri, futbol ictimaiyyətini görməzdən gəlmək abırsızlıqdır.
Bəlkə də belə etməklə, əksinə, “Neftçi” rəsmilərinə acıq verirlər. Bəlkə də illərdir qazandıqları yüzminlərin dadını bu cür çıxardıqlarını göstərmək istəyirlər.
Və ən maraqlısı, bunu əcnəbilərin etməsidir.
Komandadan ayrılan yerlilər abırlarına kor olub sakit oturublar. Etdikləri paylaşımlar da gündəmlə bağlı olur. İstirahət pozlarını gözlərimizə soxmurlar.
Odur ki, transfer edəndə yüz ölçüb, bir biçmək mütləqdir. “Neftçi”nin şərəfini qoruyan hər futbolçuya bu adın mənasını dərindən öyrətmək lazımdır.
Ki, sabah burdan uğursuzluqla gedəndə başlarını soxmağa deşik axtarsınlar.
HƏBİB / SPORTİNFO.AZ