
Növbəti mövsümdə uğursuzluğa son qoymağı planlayan “Neftçi”də “kommendant saatı” elan olunub.
Rəhbər və idarəçi şəxslərə, eləcə də məşqçilər heyətinə dincəlmək olmaz!
Heyətin yenidən qurulması və yay hazırlığının səmərəli keçməsi üçün hamı bir nəfər kimi zəhmət çəkməkdədir. Telefonlar susmur, bilgisayarlar sönmür. Götür-qoy edir, danışır, axtarırlar.
Klubu tərk edən futbolçuların adını bir-bir aydınlıq gəlməkdədir. Yeni gələnlər barədə zamanla məlumat veriləcək.
Sportinfo.az komandanın yay planları barədə bilgi əldə edib.
“Ağ-qaralar”ın istirahət müddəti bu ayın 24-nə kimi nəzərdə tutulub. İyunun 25-də Bakıda bir araya gələcək kollektiv üzvləri təxminən üç həftə paytaxtda hazırlıq keçəcək.
İyulun 15-də “Neftçi”nin vətəni tərk etməsi nəzərdə tutulub. İstiqamət digər komandalarda olduğu kimi Türkiyəyə yox, Avropaya olacaq.
Avstriya, Sloveniya, Polşa – səfər bu üç ölkədən birinə 2-3 həftəlik planlaşdırılır.
Baş məşqçi Samir Abasov yoldaşlıq görüşlərinin güclü rəqiblərə qarşı keçirilməsini istədiyindən, toplanış üçün Avropa ölkəsinə üstünlük verilib.
Hazırlıq prosesinin sonuncu mərhələsində 3-4 sınaq matçı keçiriləcək. Paytaxt təmsilçisi avqustun əvvəlində vətənə qayıdıb Premyer Liqanın birinci turuna hazırlaşacaq.
HƏBİB