
Mövsüm başa çatandan sonra doqquz futbolçu ilə vidalaşan “Neftçi”də ayrılıqlar davam edəcək.
Bu yöndə müəyyən işlər görülsə də, yekun nəticə əldə olunmayıb.
Baş məşqçi Samir Abasovun komandasında görmək istəmədiyi futbolçuların başında Ramil Şeydayev dayanır.
Lakin “11 nömrə”ni yola salmaq müşkülə, hətta deyərdik ki, mümkünsüzə çevrilib.
Ötən ilin yayında “ağ-qaralar”la 2 illik müqaviləyə qol çəkən 29 yaşlı futbolçunun illik maaşı kifayət qədər yüksəkdir. Dollarla bağlanan sözləşməni milli valyutaya çevirəndə, təxminən 900 min manat.
Başa çatan mövsümü sözün əsl mənasında yola verən Şeydayevə yolların ayrılması qarşılığında müəyyən məbləğdə komponsasiya təklif olunub. Qazanmalı olduğu pulun 3-də 1-i qədərində.
Lakin o, təklifi yaxına buraxmır. Buradan yalnız bir şərtlə gedə biləcəyini söyləyir: “Müqavilədə nəzərdə tutulan məbləği qəpinə qədər ödəyin, gedim”.
Bunu da belə əsaslandırır ki, legionerlərə qucaq-qucaq pullar xərclənir, vəsaitləri tam ödənir, azərbaycanlı oyunçulara çatanda güzəşt istəyirsiniz. Məhz bu səbəbdən danışıqlara başlamaq niyyətində deyil.
“Neftçi” Ramili yola salmaq üçün ya 900 min manatdan keçməlidir, ya da bu pulu ona ödəyə biləcək başqa klub tapmalıdır.
HƏBİB / SPORTİNFO.AZ