
“Neftçi”də “təmizləmə” işləri plana uyğun şəkildə davam edir.
Klub rəsmi səhifələri vasitəsi ilə yeddi futbolçunun ayrılığını təsdiqləyib.
Onlardan başqa Rafael Quzzo və Robert Bauerlə də yolların ayrılması böyük ölçüdə həll olunub. Yaxın günlərdə onlarla bağlı məlumat yerləşdiriləcək.
“Ağ-qaralar”ın hələ də ortaq məxrəcə gələ bilmədiyi legionerlərdən biri Andrey Ştoqrindir.
Ötən ilin yayında Roman Qriqorçukun istəyi ilə komandaya cəlb olunan ukraynalı cinah oyunçusunun “Neftçi” ilə müqaviləsi davam etsə də, Samir Abasovun gələcək planlarına daxil deyil.
Ştoqrinə bu barədə çoxdan məlumat verilib. Di gəl, ukraynalı Azərbaycanı tərk etmək barədə düşünmür.
Niyə?
Ukraynadakı müharibə şəraitinə görə.
Andrey özünün və sevgilisinin sağlamlığını təhlükə altına atmaq istəmir. Vətənə qayıdaraq futbol oynamağın təhlükə riskini yaxşı dərk edir.
Bu səbəbdən hətta maaşının müəyyən mənada azaldılmasına da razıdır. Təki Azərbaycanda qalsın, yenidən qurulan “Neftçi”də oynasın.
Odur ki, tərəflər ortaq məxrəcə gəlməkdə çətinlik çəkir. Abasov insani hislərə qapılıb Ştoqrini başa düşsə də, mümkün uğursuzluq riskini də göz önünə alır.
Növbəti mövsümdə planlarına daxil olmayan heç bir futbolçunun komandada qalmasını istəmir.
HƏBİB / SPORTİNFO.AZ