“Neftçi”yə gəlməkdən qorxan futbolçu kimdir? - Hər şey pul deyil!

3 İyun 16:40 Neftçi 2 463
“Neftçi”yə gəlməkdən qorxan futbolçu kimdir? - Hər şey pul deyil!

“Sumqayıt”dakı çıxışları ilə tanıdığımız Murad Xaçayev karyerasını “Neftçi”də davam etdirə bilər.

Samir Abasovun yaxından tanıdığı müdafiəçini israrla sərəncamında görmək istəyir.

Lakin Murad “hə” deməyə tələsmir. Qorxur. Sözün əsl mənasında ehtiyat edir.

Bu da səbəbsiz deyil.

2018-ci ildən “kimyaçılar”ın şərəfini qoruyan 27 yaşlı futbolçu burada özünü suda balıq kimi hiss edir. Özünü publikaya sevdirə bilib, rəhbərliyin də güvəndiyi simalardan sayılır. Üstəlik, əsas heyətin dəyişməz üzvüdür.

Vüqar Mustafayevin karyerasını başa vurması, Elvin Bədəlovun komandanı tərk etməyə hazırlaşması Xaçayevin əsas kapitan olacağına şübhə yerə qoymur. Bunun özü də ciddi üstünlükdür.

Bu qədər plyusun qarşılığında “Neftçi”də onu nələrin gözləməsindən ehtiyat edir. Məqsədi sırf pul qazanmaq olsa, düşünmədən razılaşar.

Lakin o, puldan əvvəl klubdakı rahatlığını, mütəmadi oynamaq imkanını və potensial komandasında özünü “Sumqayır”dakı Murad kimi hiss edib-etməyəcəyini düşünür.

Bunlar “Neftçi”də nə dərəcədə mümkün olacaq? Ümumiyyətlə, “ağ-qaralar” böhrandan çıxa biləcək? Yeni mövsümdə “11-lik” əsasən əcnəbilərdən qurulmayacaq ki?

Muradın ağlında dolaşan cavabsız suallardır. Ona görə paytaxt təmsilçisinin təklifi hələ ki, göydən asılı vəziyyətdə qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti