
Ramil Şeydayev «Neftçi»dən ayrılmaq niyyətində deyil.
Millinin hücumçusu hələ qüvvədə olan 2 illik müqaviləni qarşılıqlı razılıq əsasında pozmaqla bağlı klubun təklifini geri çevirib.
O. kontraktı qurtaranadək burada qalmağı planlaşdırdığını deyib.
Hətta əsas komandadan uzaqlaşdırılacağı halda, çıxıb getməyəcəyini, əvəzedici heyətlə məşqə çıxacağını bildirib.
Ön xətt oyunçumu bu səbəbdən Polşadan, həmçinin Rusiya və Türkiyənin birinci liqalarından aldığı yeni dəvətləri qəbul etməyib.
Səbəb maliyyə şərtləridir.
İş ondadır ki, yığmamızın forvardına dəvət göndərən klubların ödəmək istədiyi illik əməkhaqqı 300 min dollar civarındadır. 29 yaşlı forvard isə hazırda bundan az qala iki dəfə çox pul qazanır.
Şeydayev ötən ilin yayında «ağ-qaralar»la 2+1 illik sözləşmə imzalayıb.
«Neftçi»dəki debüt mövsümünü tamamilə uğursuz adlandıra bilərik. Ən ödənişli futbolçulardan biri olan Ramil Premyer Liqada cəmi 3 qol vurdu.
Elə bu üzdən də Samir Abasov onun xidmətində maraqlı deyil. Ötən ilin oktyabrında Roman Qriqorçuku əvəzləmiş baş məşqçi rəhbərlikdən adıçəkilən ön xətt oyunçusunun transferə çıxarılmasını istəyib.
Fəqət, səbəbkar yalnız bir halda getməyə razıdır - kompensasiyası tam ödənilsin.
SPORTİNFO.AZ