
Millinin hücumçusu Polşadan, həmçinin Rusiya və Türkiyənin birinci liqalarından aldığı yeni təklifləri geri çevirib.
Səbəb maliyyə şərtləridir.
O, bu halda «Neftçi»ni tərk etməyə lüzum görmədiyi barədə menecerləri məlumatlandırıb.
İş ondadır ki, yığmamızın forvardına dəvət göndərən klubların ödəmək istədiyi illik əməkhaqqı 300 min dollar civarındadır. 29 yaşlı forvard isə hazırda bundan az qala iki dəfə çox pul qazanır.
Şeydayev ötən ilin yayında «ağ-qaralar»la 2+1 illik sözləşmə imzalayıb.
«Neftçi»dəki debüt mövsümünü tamamilə uğursuz adlandıra bilərik. Ən ödənişli futbolçulardan biri olan Ramil Premyer Liqada cəmi 3 qol vurdu.
Elə bu səbəbdən də Samir Abasov onun xidmətində maraqlı deyil. Ötən ilin oktyabrında Roman Qriqorçuku əvəzləmiş baş məşqçi rəhbərlikdən adıçəkilən ön xətt oyunçusunun transferə çıxarılmasını istəyib.
Fəqət, səbəbkar müqaviləni qarşılıqlı razılıq əsasında pozmaqdan imtina edib. O, yalnız bir halda getməyə razıdır - kompensasiyası tam ödənilsin.
SPORTİNFO.AZ