“Neftçi” üçün təsəlli – Bu komandadan çəkdikləri nədir belə?

19:00 Neftçi 176
“Neftçi” üçün təsəlli – Bu komandadan çəkdikləri nədir belə?

Premyer Liqanın sonuncu turunun oyunları formal xarakter daşıyır.

Medalçılar məlumdur, elitanı tərk edəcək komandanın adına aydınlıq gəlib.

Yeganə prinsipial məqam çempionatı 5-ci pillədə hansı komandanın başa vuracağıdır. Söhbət “Sabah”la “Neftçi”dən gedir. Ümumiyyətlə, bu iki kollektivin mübarizəsi son iki mövsümə öz damğasını vurub.

Xatırlayırsınızsa, ötən “futbol ili”ndə Masazır təmsilçisi bakılıları avrokuboklara vəsiqədən məhrum etmişdi. “Neftçi” sonuncu tura qədər avrokuboklara vəsiqə şansını saxlayırdı.

36-cı turda komandaların öz arasında “Neftçi Arena”da baş tutan görüşdə “Sabah” 1:0 hesablı qələbə ilə Konfrans Liqasında iştirakı təmin etmiş, “ağ-qaralar” böyük məyusluq yaşamışdı.

Cari mövsümdə kollektivlərin yolu Azərbaycan kubokunun yarımfinalında kəsişdi. “Neftçi”nin yeganə çıxış yolu finala yüksəlib, kuboku başı üzərinə qaldırmaq idi ki, “Sabah” rəqibin arzusunu bu dəfə də gözündə qoydu.

Səfərdə qazanılan 2:1 hesablı qələbə və “Bank Respublika Arena”dakı 1:1-lik bərabərlik Vasili Berezutskinin rəhbərlik etdiyi komandanın finala yüksəlməsi demək idi.

Bununla da “Neftçi” son 1 ildə “Sabah”dan ardıcıl ikinci ağır zərbəni aldı.

İndi ələ yaxşı imkan düşüb. Son iki oyundakı qələbə seriyasının davamını gətirməklə 5-ci pilləni “tələbələr”in əlindən almaq. Təbii ki, bu, ciddi mənada heç nəyi dəyişməyəcək. Yalnız təsəlli sayılacaq. Bacarsalar.

Mayın 24-də “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti