“Neftçi”dən mühüm açıqlama - “Sabah”dakıların eşitməli olduğu sözlər

22 May 20:00 Neftçi 552
“Neftçi”dən mühüm açıqlama - “Sabah”dakıların eşitməli olduğu sözlər

Premyer Liqanın 36-cı turunda baş tutacaq oyunlarının yekun nəticələrinin ciddi önəmi qalmayıb.

Çempion bəllidir, medalçıların adına aydınlıq gəlib, elitanı tərk edəcək klub məlumdur.

Yalnız “Sabah” – “Neftçi” qarşılaşmasının hansı hesabla başa çatacağı maraq doğurur ki, bu da komandalardan hansının mövsümü 5-ci pillədə başa vuracağı ilə bağlıdır.

Çempionat yolu ilə avrokuboklara gedə bilməyənlər bu üsulla təsəlli tapmaq niyyətindədir. Bir neçə həftə əvvəl “Sabah”ın “Neftçi”ni kubok mübarizəsindən kənarlaşdırması da yaddaşlardan silinməyib.

Prinsipial qarşılaşmadan əvvəl Sportinfo.az-a danışan “ağ-qaralar”ın qapıçısı Emil Balayev qələbə arzusunu gizlətməyib:

“Bəlkə də hansısa komandalar üçün mövsüm vaxtından əvvəl başa çatıb deyə, son oyunlar formal xarakter daşıyır. Lakin bizim məsuliyyətimiz böyükdür.

Avrokuboklara vəsiqə qazana bilməsək də, sona qədər mübarizə aparmalı, “Neftçi”nin adına layiq oyun göstərməliyik.

Rəqibin adından asılı olmayaraq hər matçda qələbə üçün çıxırıq. Bu, “Sabah”la sonuncu matçda da belə olacaq. İstəyimizə çatmaq üçün layiqli mübarizə aparacağıq”.

Mayın 24-də “Bank Respublika Arena”da keçiriləcək oyun saat 19:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...