
Mövsümü uğursuz başa vuran “Neftçi”də “yarpaq tökümü” başlayıb.
Klubla müqaviləsi başa çatan Azər Əliyevlə Yeqor Boqomolski, həmçinin son oyunlarda “23-lük”dən kənarda qalan Alfa Konte komandada qalmayacaq. Hər birinə bu barədə məlumat verilib.
Sırada digərləridir. Yuri Matias, Höccət Haqverdi, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori, Azər Salahlı...
Baş məşqçi Samir Abasovun ehtiyac duymadıqları arasında tam təbii olaraq Ramil Şeydayev də var. Lakin onu yola salmaq kifayət qədər çətin, hətta mümkünsüz görünür.
Qeyri-rəsmi mənbədən əldə etdiyimiz məlumata görə, “11 nömrə”nin “Neftçi”dəki illik məvacibi 1 milyon manat civarındadır. Sözləşmənin bir ili başa çatmaq üzrədir. Yerdə qalır daha bir il.
Dərd pul dərdidir. Ramil “ağ-qaralar”ı 5-10 manat müqabilində tərk etmək fikrində deyil. Ümumiyyətlə, komandadan getməyi ağlının ucundan belə keçirmir. Yetərincə şans qazanmadığını əsas gətirib, bu üzdən performansından a
şağı səviyyədə oynadığını bildirir.
Yeganə çıxış yolu müqavilədə növbəti il üçün nəzərdə tutulan məbləği verib yola salmaqdır. Lakin bu da su içmək qədər asan deyil. Çünki sponsora hesabat vermək mütləqdir.
Şeydayev lazımsız və bacarıqsız idisə, niyə bir qutu pulun qarşılığında müqavilə bağlanmışdı? Sponsora bu sualın cavabını vermək lazımdır ki, büdcədən 1 milyonu silib onu yola salmaq mümkün olsun.
Bir sözlə, Ramili “Neftçi”dən göndərmək üçün bir ətək pul xərcləmək lazımdır. Bu da indiki məqamda çox-çox çətin görünür. Yay hazırlığı dönəmində “Neftçi”nin sıralarında Şeydayev soyadına rast gəlsəz, təəccüblənməyin.
HƏBİB / SPORTİNFO.AZ