
“Elə vəziyyət yaranıb ki, qələbə hislərimi ifadə etməkdə çətinlik çəkirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Bassala Sambu deyib.
Son vaxtlar qələbə üzünə həsrət qalan bakılılar “qara zolaq”dan bölgədə çıxdı. Həm də öz komandalarına dəstəyi ilə ölkəyə səs salan tovuzlu fanatların önündə, süni örtüklü meydanda.
Komandada çox sayda itkilərin olmasına baxmayaraq, “Neftçi” ağıllı oyunla haqq etdiyi 3 xalı bayram etdi – 2:1.
İngiltərəli “9 nömrə” qələbənin sirrini bu cür ifadə etdib:
“Qazandığımız səfər qələbəsinə və göstərdiyimiz oyuna görə sevindiyimi demək istəyirəm, lakin komandamızın mövsümü titulsuz başa vurması yadıma düşür.
Tovuza 10-a yaxın futbolçu itkisi ilə gəlmişdik. Üstəlik, hədəflərimizdən uzaqlaşmışıq.
Tovuzda “Neftçi”nin adı və loqosu üçün mübarizə apararaq istəyimizə çatdıq.
Göstərmək istədik ki, heç bir iddiamız qalmasa da, idmançı xarakterimiz ölməyib, təslim olmamışıq və hər zaman “Neftçi”nin adı üçün mübarizə aparacağıq.
Bundan sonra da belə olacaq. Belə davam etsək, növbəti mövsümdə azarkeşlərimizi parlaq qələbələrlə sevindirəcəyik”.
Bu ilin yanvarından “Neftçi”nin şərəfini qoruyan 27 yaşlı futbolçu meydana çıxdığı 12 oyunda 4 qol və 2 assistlə yadda qalıb.
HƏBİB