
“Neftçi”nin “Turan Tovuz”la oyununa baxdız?
Yaddaşınızı qurdalayıb səmimi deyin, “ağ-qaralar” cari mövsümdə hansı matçda 90 dəqiqə ərzində bu dərəcədə möhtəşəm görünmüşdü?
Öz meydanında hegemon təsiri bağışlayan, hava toplarını ilə rəqiblərin “nəfəsini kəsən” komandaya göz açmağa imkan vermədilər.
Vəziyyəti o həddə çətinləşdirdilər ki, Kurban Berdıyev kimi adam məcburiyyətdən iki mərkəz müdafiəçisini hücumçu kimi oynatdı. Başqa çıxış yolu qalmamışdı çünki. Müdafiəni yarmaq mümkün deyildi.
Kimsə “Neftçi”nin hə şeydən əlinin üzüldüyünü əsas gətirib, qonaqların meydana rahat çıxdığını deməsin. Ona qalsa “Sumqayıt” və “Kəpəz”lə oyunlarda da hər şey əldən çıxmışdı. Niyə qələbə mümkün olmamışdı?
Yuri Matias, Höccət Haqverdi, Ramil Şeydayev və digərləri Tovuza aparılmamışdı.
Emin Mahmudov özünü 5 il əvvəlki kimi hiss edirdi, o biri futbolçular da meydanda canını verməyə hazır idi.
Qələbənin əsas səbəbini başqa yerdə axtarmayın. Əsl sirr son iki cümlədə gizlənib.
Mütləq ki, klub rəhbərliyi bu faktla tanışdır və lazım olan tədbirlərin görülməsinə başlanıb.
Hə, bir də, “dördlü müdafiə” “Neftçi”yə çox yaraşır. Tam “əyninə biçilib”.
HƏBİB / SPORTİNFO.AZ