
“Neftçi”nin ardıcıl ikinci mövsümdə avrokuboklara vəsiqə qazana bilməməsi azarkeşlərini sarsıdıb.
Bu mənada ən çox əziyyət çəkən isti-soyuq, qar-boran bilmədən hər zaman komandanın yanında olan “Forza Neftçi”nin üzvləridir.
“Ağ-qaralar” ölkə kubokunda “Sabah” səddini keçə bilməyəndə, azarkeşlər cari mövsümdə bir daha futbolçulara dəstək verməyəcəklərini bəyan etmişdilər.
Bazar günü “Kəpəz”lə matçda tribunada “Forza Neftçi”nin bayrağı asılmış, təxminən 100 nəfər üzv sektordakı yerini tutmuşdu.
Əvvəldən sona qədər susqunluğu qoruyan azarkeşlərin səsi bir dəfə gəldi. 44-cü dəqiqədə “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirməklə varlıqlarını hiss etdirdilər.
“Neftçi”nin elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə matçda yenilgidən son dəqiqələrdə xilas olması onsuz da əhvalı korlanan fanatların kefini dözülməz həddə çatdırdı.
Lakin ağızlarını açıb bir kəlmə demədilər. Çıxış yolunu Rauf Cabbarovun final fitindən sonra sakit şəkildə tribunaları boşaltmaqda gördülər.
Komandanın lideri Emin Mahmudov tribunaya yaxın gedib azarkeşlərə təşəkkürünü əl çalmaqla bildirdi. Araklarında bir-iki nəfər Eminin cavabını alqışlamaqla qaytardı.
Bakılılar bu heç-heçədın sonra 5-ci pilləni ələ keçirmək şansını növbəti dəfə əldən verdi. 33 turdan sonra aktivində 37 xal olan “ağ-qaralar” 6-cı sırada qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN