
Ardıcıl ikinci mövsümü boşa verən “Neftçi”də dəyişikliklər qaçılmazdır.
Samir Abasovla yolların ayrılacağı inandırıcı görünmür. Məhz onun gəlişindən sonra Roman Qriqorçukdan qalma futbolçularla “Neftçi”də gələcək adına ümid cücərtiləri hiss olundu.
Abasov postunda qalacağı təqdirdə, heç şübhəsiz futbolçuların bir çoxu ilə yolların ayrılmasını istəyəcək.
Rafael Quzzo, Alfa Konte, Dembo Darbo, Ramil Şeydayev, Azər Əliyev, Ryonosuke Ohori, Yuri Matias kimilərin “Neftçi”yə fayda vermədiyi, daha doğrusu, verə bilmədiyi gün kimi aydındır.
Lakin heç də bütün futbolçuları dərhal göndərmək mümkün deyil. Bəzilərinin müqaviləsi 2026 və 2027-ci illəri əhatə etdiyindən, onların nazı ilə oynamaq lazım gələcək.
Bəs, hansı futbolçuların klubla sözləşmə müddəti başa çatır?
Bunlar Emil Balayev, Azər Salahlı, Yuri Matias, Ervin Koffi, Azər Əliyev, Höccət Haqverdi, Filip Ozobiç, Ryonosuke Ohori və Yeqor Boqomolskidir.
Paytaxt təmsilçisinin şərəfini qoruyan Rüstəm Samiqullinlə Aleks Fernandesin “Neftçi”ylə icarə müqaviləsinin müddəti cari mövsümün sonunda yekunlaşacaq.
Rəhman Hacıyevin klubla olan sözləşməsi barədə dəqiq məlumat əldə edə bilmədiyimizdən, konkret fikir bildirmək olmur.
HƏBİB / SPORTİNFO.AZ