Bu gün diqqətlər “Bank Respublika Arena”da olacaq.
Premyer Liqadan əlini üzən iki komanda – “Sabah”la “Neftçi” ölkə kubokunun yarımfinal mərhələsində münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyunda “ağ-qaralar”ın 1:2 hesabı ilə məğlub olması “tələbələr”in final şansını artırsa da, “Neftçi” bu oyundan qələbə ilə ayrılmağı hədəf seçib.
Paytaxt təmsilçisinin braziliyalı müdafiəçisi Yuri Matias Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini səsləndirib:
“İlk matçdakı kimi oynasaq, mərhələ adlamaq şansımız olmayacaq. Final həyəcanını hiss etmək istəyiriksə, mentalitetimizi dəyişməli, xarakter göstərməliyik.
“Zirə”ni səfərdə udduğumuz, “Qarabağ”a öz meydanımızda 0:1 məğlub olduğumuz görüşlərdə çox yaxşı futbol sərgiləmişdik. Əsl “Neftçi” belə olmalıdır.
“Sabah” hesabda öndədir. Mərhələni adlamaq üçün qol və qollar vurmalıyıq, hücumların kəsərini artırmalıyıq. Qol vurmasaq, finalda necə oynayacağıq? Yaxşı olacağına ümid edirəm”.
Çərşənbə günü gerçəkləşəcək qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB

