Ya “Neftçi”dən hörmətli gedəcək, ya da özünü güldürəcək!

14 Aprel 19:40 Neftçi 3 426
Ya “Neftçi”dən hörmətli gedəcək, ya da özünü güldürəcək!

“Neftçi” lazımsız futbolçulardan canını qurtarmasa heç nə dəyişən deyil.

Baş məşqçi postuna Simeone yox e, lap Arteta gəlsin, xeyri yoxdur.

Lazımsızların başında dayanan ad isə Emin Mahmudovdur. İllərdir “Neftçi”nin formasını geyinən, ən yaxşı yerindən yeyən, hazırda ən yüksək ödənişli oyunçuların siyahısına başçılıq edən, lakin bu gün komandaya fayda verməyən keçmiş kapitan.

Pardon, düzəliş edim, verməyən yox, verə bilməyən.

Emin “ağ-qaralar”a kömək etmək, azarkeşlərin gözündə ucalmaq üçün canını da verməyə hazırdır. Lakin nə yaş o yaşdır, nə də bədən əvvəlki bədəndir. İki həftədən sonra 33 yaşını başa vurub, 34-lə salamlaşacaq.

Hətta karyerasının ən pik dövrlərində belə, fiziki göstəriciləri ilə seçilə bilməyən Mahmudovun indi hansı vəziyyətdə olduğunu oyunlar göstərir. Ən keyfiyyəti yüksək texnikası idi ki, ayaqda və bədəndə güc olmayandan sonra texniki bacarıqlar işə yaramır.

Çempionatın startından bu yana iki dəfə zədələnib. Həm də 3-4 günlük yox, uzun müddətlik. Bədən yüklənmələrə dözmür. Zədə alır, sıradan çıxır, komandaya kömək edə bilmir. Düzəlib qayıdır, bir az oynayır, zədələnir.

Statistika?

Cari mövsümdə çempionatda 15-i əsas heyətdə olmaqla ümumilikdə 17 matçın iştirakçısı olub. Məhsuldarlıq göstəricisi 2 qol və 3 məhsuldar ötürmədir.

Azərbaycan kubokunda 2-si əsas heyətdə olmaqla 3 oyunda forma şansı qazanıb. 1 assist, vəssalam.

Mahmudov üçün ən sərfəli variant yayda karyerasını başa vurub məşqçiliyə, yaxud arzuladığı başqa işə başlamaqdır. Təbii ki, hörmətli getmək istəyirsə.

Yox, məqsədi “Neftçi”dən bacardıqca çox pul dartmaqdırsa, meydanda sürünəcək, komandanı xəstəxanaya döndərəcək, özünü güldürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti