“Neftçi”də yerli pasporta sahib olanların yaş amili çox müzakirə olunur.
Filip Ozobiç, Emin Mahmudov, Rəhman Hacıyev, Höccət Haqverdi 30-u keçib, Azər Əliyev, Emil Balayev və Azər Salahlı da bu rəqəmi başa vurub.
Komandanın ağır görünməsində, səhvlərin sıralanmasında bu faktın böyük rol oynadığı sirr deyil. Bu gün “Neftçi”nin əsas problemlərindən biri yaşlı futbolçuların çoxluğudur.
“Difai” ilə görüşdə komandanı meydana kapitan sarğısı ilə çıxaran qapıçı Emil Balayev Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı fikirlərini bildirib:
“Buna mənim şərh verməyim düzgün olmaz. Onu deyə bilərəm ki, komandamızda Ağadadaş Salyanski, Murad Məmmədov, Emil Səfərov, Rza Cəfərov kimi gənclər də var.
Dünya futboluna baxsanız, hər komandada təcrübəli futbolçular yer alır. Gənclər onların yanında yetişir, nələrsə öyrənir, özlərinə inamları artır.
Odur ki, bu məsələdə qlobal problemin olduğunu düşünmürəm”.
Maraq üçün bildirək ki, hazırda “Neftçi”də yaş ortalaması 27.8-dir.
HƏBİB