Artıq Samir Abasovun «Neftçi»yə qayıdışının iki ayı tamamdır.
O, 2 ay öncə tərk etdiyi Sumqayıta bu dəfə rəqib qismində təşrif buyurdu.
Onun gözlədiyi gerçək olmadı. «Neftçi» Bakıya qonşu şəhərdən xalsız döndü. İki cavabsız qolla məğlubiyyətə uğrayan qonaqlar Sumqayıtda yalnız şansızlıqla üzləşmədi.
Hər dəfə «bəxt», «bəxt» deməyin tərəfdarı deyiləm. Futbolda hər şey bəxtin ümidinə buraxılsaydı, yaxud hər şey ondan asılı olsaydı, day baş məşqçiyə nə ehtiyac var idi ki..?
Sponsor futbolçuları yığardı və deyərdi ki, alın bu pulu, çıxın, bildiyiniz kimi oynayın.
Baş məşqçi komandanı idarə etmək üçündür. Samir Abasov bu iki ayda o idarəçilik bacarağını göstərə bilməyib.
«Neftçi» bir oyunu udub, üç oyunu uduzursa, mən necə söyləyim ki, Samir Abasov ona tapşırılan işin öhdəsindən gəlir?
Fiziki hazırlığın yetərsizliyi, bəxtin gətirməməsi, müdafiə və hücum fazasında kobud səhvlər - bunlar Roman Qriqorçukun da vaxtında var idi, aradan iki ay keçib, yenə var.
Bəs Samir Abasov nəyi dəyişib? Sualı bir də belə qoyaq: o, komandanı dəyişmək üçün nə eləyib?
Açığını söyləyək, qoy, bizdən inciməsin – Abasov çox danışıb, az iş görüb.
Bu iki ayda bəzi radikal qərarlar verməli idi, verməyib.
Bəzi legionerlərin ayağını komandadan kəsməli idi, kəsməyib.
Bir neçə funksionerin futbolçularla münasibətlərinə məsafə çəkməli idi, çəkməyib.
Əsas bunlardır e, bunlar!
ELXAN