Ötən həftə “Qarabağ”a məğlub olan “Neftçi”nin növbəti rəqibi “Sumqayıt”dır.
Səbrsizliklə gözlənən oyunun ab-havasını indidən təsəvvür etmək çətin deyil.
Sumqayıt futbolunun yetirməsi kimi tanınan Samir Abasov və köməkçiləri üçün bu oyun xüsusi önəm daşıyır. Vaxtilə rəhbərlik etdiyi komandaya qarşı rəqib qismində çıxış etmək, Sumqayıt publikasının önündə başqa komandanın çalışdırıcısı kimi dayanmaq həqiqətən ağırdır.
Abasovun şəhərdə sevildiyini və bacarıqlı məşqçi kimi ad çıxardığını nəzərə alsaq, “Mehdi Hüseyzadə”yə “Neftçi”nin baş məşqçisi rolunda ayaq basmaq böyük ürək tələb edir.
Lakin futbol peşəkarlıq tələb etdiyi üçün buna qatlaşmaq lazımdır. Sumqayıtlı fanatlar yeni baş məşqçi Vaqif Cavadovun işindən razıdır və ona böyük ümid bəsləyirlər. Odur ki, Samir bəy kütləvi qınağa tuş gəlməkdən qurtulub.
Yeri gəlmişkən, çempionatın ilk yarısında Abasovlu “Sumqayıt” səfər qarşılaşmasında Roman Qriqorçukun çalışdırdığı “Neftçi”dən xal almağı bacarmışdı – 1:1.
Oyuna prinsipiallıq qatan əsas məqam turnir cədvəlindəki son vəziyyətdir. “Kimyaçılar” 16 xalla 6-cı sırada dayanıb, 13 xala sahib “ağ-qaralar” “Şamaxı” ilə 7-8-ci pillələri bölüşür.
Bu, o deməkdir ki, bakılılar Sumqayıtda qələbə qazanacağı halda, birdən-birə iki pillə irəliləmək imkanı qazanacaq. Yox, əksi baş versə, “Neftçi”nin yeni ilə qədər 8-ci pillədən qurtulmağı çətinləşəcək.
Dekabrın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
HƏBİB