Emil Balayev uzun fasilədən sonra “Neftçi”nin heyətində rəsmi matçda meydana çıxdı.
Paytaxt klubunun yetirməsi kimi tanınan 30 yaşlı qolkiper ağ-qara formada debütünü 2012-ci ildə 18 yaşında etmişdi.
2014-cü ildə “Ayntraxt Frankfurt”a transfer olunmuş, sonradan Qzaxıstanda “Tobol” və “Turan”ın, Azərbaycanda “Qarabağ”, “Səbail” və “Zirə”nin formasını geyinmişdi.
2023-cü ilin yayında yenidən “Neftçi”yə qayıtmasına baxmayaraq, iyulda Sankt-Peterburqdakı “Matç TV” kubokunda zədələnərək uzun müddətə sıradan çıxmışdı.
“Difai” ilə Azərbaycan kubokundakı oyun Balayev üçün yenidən ağ-qara formanı geyinməklə əlamətdar oldu.
Səbəbkar 6:0 hesablı qələbədən sonra qayıdışı ilə bağlı Sportinfo.az-a açıqlama verib:
“Çox gözəl hislərdir. Gizlətmirəm, bu günü çoxdan gözləyirdim.
Sonuncu dəfə “Neftçi”nin heyətində rəsmi görüşdə 2014-cü ilin dekabrında meydana çıxmışdım. Yadıma gəlir, “Dalğa Arena”da “Xəzər Lənkəran”la 2:2 hesabı ilə başa çatan matç idi, həmin oyunda qırmızı vərəqə almışdım.
Üstündən düz 10 il keçəndən sonra yenidən bu hisləri yaşadım (Emil fakt səhvinə yol verir.
O, “Neftçi”nin heyətində sonuncu görüşünü 2014-cü ilin dekabrın 18-də keçirsə də, rəqib “İnter” olub. “Xəzər Lənkəran”la qarşılaşma noyabrın 24-də baş tutub – H.)
Uzun illərdən sonra rəsmi görüşdə yenidən bu meydana ayaq basmaq və doğma azarkeşlərimizin dəstəyi altında oynamaq mənə nostalji hislər yaşatdı”.
Azərbaycan millisində 15 oyun keçirmiş 30 yaşlı futbolçu 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.
HƏBİB