Qazaxıstan mətbuatı "Neftçi" ilə əlaqəli iddia irəli sürüb.
Yerli həmkarlarımız "ağ-qaralar"ın heyətinə yeni hücumçu cəlb edəcəyini yazıb.
Belə ki, arena.olimpbet.kz saytı hazırda "Ordabası"da çıxış edən Casurbek Yaxşıboyevin Bakı təmsilçisinin qış transfer hədəflərinə daxil olması haqda xəbər paylaşıb.
27 yaşlı özbəkistanlı forvard bu mövsüm Qazaxıstan təmsilçisinin heyətində 27 oyuna çıxaraq, 9 qol vurub və 4 qolun ötürməsini edib.
Ölkəsinin yığmasında 10 matça 2 qola imza atmış Casurbek Yaxşıboyev karyerası ərzində "Legiya Varşava" (Polşa), "Şerif" (Moldova), "Şaxtyor" (Belarus) kimi klublarda forma geyinib.
Saytımız bu informasiyanı dəqiqləşdirib. Əldə etdiyimiz informasiyaya görə, asiyalı qolçu "Neftçi"nin yeni transfer planlarına daxil deyil.
Redaksiyamıza məlum olub ki, o, Roman Qriqorçukun dönəmində Azərbaycana gələ bilərmiş.
İyun-oktyabr ayları ərzində paytaxt təmsilçisini çalışdırmış ukraynalı mütəxəssis Casurbekin xidmətində maraqlı olmasını rəhbərliyin diqqətinə çatdırıb.
Lakin "Ordabası" həmin vaxt onu satmaqdan imtina edib və transfer söhbəti beləcə bağlanıb.
SPORTİNFO.AZ

