"Neftçi"nin formasını geyinib, "Qarabağ"a kömək edən futbolçu kimdir?

6 Dekabr 2024 19:00 Neftçi 4 440
"Neftçi"nin formasını geyinib, "Qarabağ"a kömək edən futbolçu kimdir?

Hazırkı "Qarabağ"ın hətta ikinci heyəti belə, Premyer Liqada istənilən komandadan üstündür.

Ona görə də "Lion"a 1:4 hesablı məğlubiyyətdən sonra da "Neftçi" ilə matçda "köhlən atlar"ın şansları daha yüksək qiymətləndirilirdi.

Ümid yalnız ona idi ki, Samir Abasov bəlkə futbolçuları əlavə motivasiya ilə matça yaxşı kökləyər.

Mübarizə ruhunun hesabına ən azı meydanda derbi adına layiq oyun görərik.

İlk hissə gümanlarımız özünü doğrultdu. "Ağ qarallar" qonaqların ilk 10 dəqiqədəki təzyiqini arxada qoyub, oyunda bərabərlik yarada bildi. Hətta ilk real qol imkanını da Abbasovun kollektivi yaratdı. Ramil Şeydayevin zərbəsi tirdən qayıtdısa, Rafael Quzzo yaxşı imkanı həvəskar davranışı ilə puç etdi.

Ümumiyyətlə bu dəqiqələrdə "Neftçi"nin diriliyi gözdən qaçmırdı.

Aha, əsl derbi qayıdıb - dediyimiz anda Yuri Matias səhnəyə çıxdı.

Amma "Qarabağ" tərəfdən. "Düşmən ocaq başında" deyiblər. Matias əzəli rəqibin qələbəsi üçün əlindən-ayağından nə gəldisə elədi.

Qurban Qurbanovun kollektivi öncə onun kobud xətasından sonra hesabı açdı.

Matias Leandro Andradenin qol vurması üçün hər şey etməklə bərabər, yenicə özünə gəlmək istəyən yoldaşlarını da psixoloji olaraq öldürmüş oldu.

Bununla da ürəyi soyumayan braziliyalı legioner ikinci yarıda Andradenin dublu üçün hər şey etdi. Müdafiəçi kimi işi sıfırın altında olan Matias, bu dəfə hakimlik sevdasına düşdü. Oyundan kənar vəziyyət qərarını özü verdi. Və bu peşədə də uğursuz olduğu üzə çıxdı. Acısını isə komanda yoldaşları çəkdi.

Bu adam sanki həmin günü meydana "Neftçi"nin müdafiəsini qorumaq üçün yox, "Qarabağ"ın hücum xəttinə kömək etmək üçün meydana çıxmışdı.

Onsuz da bugünkü "Qarabağ" önündə "Neftçi"nin müsbət nəticə qazanmaq şansı dəryada damlaya bərabərdi.

Bir də heyətində Matias kimi yararsız legioner varsa, nəyəsə ümid etmək mənasızdır. Məğlubiyyətə məhkumsan.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti