Adamda üzə bax hələ!

1 Oktyabr 2023 18:35 Neftçi 2 489
Adamda üzə bax hələ!

Öz aramızdır, Adrian Mutunun «Neftçi»yə oynatdığı futbolu bəyənin var aramızda?

And olsun bizi yaradana, nə gördüm, nə də eşitdim.

«Neftçi»nin ölüm-zülümlə, ölüb-dirilərək qazanması, bu azmış kimi, rumının «layiqli qələbə əldə etdik» deməsi mənə yer edir.

Çox pisimə gəlir. Heç cür qəbullana bilmirəm Mutunun yanaşmasını.

SOCAR-la bir işim yox. Allah tərəfi, SOCAR «Neftçi»nin yeni baş məşqçisi üçün hər şəraiti yaradıb. Gül kimi büdcə ayırıblar adama.

«Neftçi»nin tarixi ərzində ən çox transfer büdcəsiylə yola çıxan məşqçi məhz Mutudur.

11 transfer ediblər bu yay. Deyilənə görə, daha 1-2 nəfər yaxınlarda özünü bura yetirməlidir.

Mutu nə istəyir, nə tələb edir, SOCAR yerinə yetirir. «Qa» deyir, «qa» verirlər, «qu» deyir, «qu» verirlər.

Gəl indi bu hörmətli zatın oynatdığı futbola bax da! Belə qorxaq və miskin oyun nümayiş etdirən «Neftçi» görməmişəm.

Bəyənmədiyimiz Lorentsiu Regekamfp heç bu cür çəkingən və nəticəyə oynayan komanda çıxarmırdı meydana.

Aaronun 87-ci dəqiqədə standart vəziyyətdən vurduğu qol olmasaydı, «Neftçi» Tovuzdan 1 xal da gətirə bilməyəcəkdi.

«Turan»ın oyunun əvvəlində, ortasında və lap axırında yaratdığı qol fraqmentlərini çılpaq gözlə izləyən Mutu necə deyə bilir ki, biz yaxşı oynadıq?

Bu şərhi vermək üçün onda üz var e!

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti