Samir Abasovun uğur RESEPTİ - Bəs bu dəfə necə?

27 Noyabr 2021 13:00 Neftçi 638
Samir Abasovun uğur RESEPTİ - Bəs bu dəfə necə?

Ardıcıl 3 turdu məğlub olan "Neftçi" bu gün "Səbail"i qəbul edir.

Növbəti xal itkisi "Neftçi"nin olan-qalan çempionluq ümidlərinin də tam dəfn edilməsi deməkdir.

Haqqında istefa sədaları səngiməyən baş məşqçi Samir Abasovun gələcək taleyinə də bu matçın birbaşa təsiri var.

Uğursuz nəticələrdən sonra istefa verəcəyi gözənilən gənc mütəxəssis hələ də postunda qalmağa israrlıdır.

Amma rəhbərlik qalmağında maraqlı olmadığı çalışdırıcıya son möhləti verib - qış fasiləsinə kimi baş tutacaq 3 oyunda 9 xal qazanılmalıdır! Əks halda Abasov üçün gedəcəyi və ya göndəriləcəyi yol məlumdur.

Verilən möhlətin ilk sınağı bu gün Bayılda baş tutacaq. Açığı, bu görüşə Abasov üçün sınaq da demək olmur. Çünki "Səbail"in onun üçün "dili"ni bildiyi, rahat "yem" təsiri bağışlayan rəqibdir.

Belə ki, Abasov "Neftçi"nin sükanı arxasında "Səbail"ə qarşı keçirdiyi 4 qarşılaşmanın hamısında qələbə qazanmağı bacarıb. Həm də asan keçən oyunla. Bu qələbələrdən ikisi eyni hesablı darmadağınla (4-0) gerçəkləşibsə, digər iki görüşdə 3-1 hesabı qeydə alınıb.

Halbuki Abasova kimi "Neftçi" Bayıl təmsilçisi ilə qarşılaşmalarda böyük çətinliklərlə üz-üzə qalıb.

Belə ki, Samir Abasovun gəlişinə kimi bu iki rəqib arasında baş tutan son 6 matçdan yalnız ikisində "ağ-qaralar" gülən tərəf olub. Digər görüşlərdən 3-ü bərabərliklə başa çatıbsa, bir oyunda hətta "Səbail" qələbə qazanıb.

Statistikadan da göründüyü kimi "Səbail"i məğlub etməyin resepti Abasovda hazırdı. Qalır onu növbəti dəfə həyata keçirmək.

Bunun gerçəkləşib-gerçəkləşməyəcəyinə isə axşamkı 90 dəqiqədən sonra aydınlıq gələcək.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti