Kamrana vəkillik etmək sevdasına düşmə, bir az ağıllı ol, Abasov!

19 Aprel 2021 21:00 Neftçi 2 834
Kamrana vəkillik etmək sevdasına düşmə, bir az ağıllı ol, Abasov!

Messisiz, Ronaldosuz da "Zirə"yə 4 top vurmaq olarmış.

Hə,...

Messi yoxdur, Hondamız var. Həmkarımız Erkin Ibrahimov demiş, Hondanın böyrünə Kaneni də pərçim edirlər ki, əyər-əskiyi görünməsin.

Necə deyərlər, fil, üstündə də bülbül. Məşhur filmdə deyildiyi kimi, pencəyimiz (oxu: Messimiz) yoxdur, süfrəmizdə çörəyimiz (Hondamız), yağımız var.

Samir Abasov "Neftçi"yə gələndən o qədər kəllə-mayallaq açıqlamalar verib ki, özü dediyi sözlərin arasında dolaşıb qalıb. Dünən dediklərini bu gün unudur.

Ucuz publikaya oynayır. Adamın böyür-başındakılara baxıb, özünə də qiymət vermək olur.

Messim, Ronaldom yoxdur, "Zirə"ni necə udum? İndi həmin "Zirə"yə 4 top vurdular.

- «Hücumçum olmasa da hamıdan razıyam».

- «Hücumçum yoxdur, kimi oynadım, olanlar içindən Ahmedi mən seçmişəm».

Eyni adamın bir-birini döyəcləyən neçə açıqlaması olar görən?

Hələ Sportinfo.az-ı da unutmur, bostanımıza daş atır. Əvvəl deyirdi, jurnalistlərlə işim yoxdur, futbolun içində futbolu bilənlərədir sözüm. İndi daha qabağa gedib, deyir, jurnalistlər sağ olsunlar, bizi feyziyab edirlər, əyləndirirlər.

Ay Samir müəllim, Sportinfo.az "Neftçi"nin daxilində baş verənlərin dibinə kimi xəbəri var. Hamısını yazsaq, "Neftçi"nin bazasında bomba partlayar.

Etmirik, çünki hər sözü yazmazlar. Yazası olsaq, otağına qoz-fındıq daşıyan o xəbərçini, "əl meymunu" olan o bişərəfi də gərək qapıdan içəri buraxmayasan.

Bəzən vadar edirsiz. Hələ ki, hamının gördüyü ilə kifayətlənək. Ay Samir, Kamran Quliyevə "oçki" tax" deyib göstərən Sportinfo olub, yoxsa Monroz?

Son oyunda da meydana buraxdın, qol vurdu, yenə nəsə hoqqa çıxartmaq istəyirdi. Gör, Kamran Quliyevin "Neftçi"si nə günə qalıb, tərcüməçi Vüqar meydana çıxıb Monrozun qulağına nəsə pıçıldayır, sakitləşdirir.

Sportinfo.az dəymədüşər legionerinizi himayədarlığa götürüb, bir dılğırla bacara bilmirsiz? Bəxtin gətirib ki, Dabo yoxdur.

Samir Abasov deyir, hansısa yararsız legioneri rədd eləmək lazımdır, "dübl"da ondan da yaxşıları var, özündən əvvəlkilərə söz atır. Samir Buqrini də Ceyhun Sultanov gətirib də, ay Samir. Sən Əhməddən danış.

Miriş, oğlumu axtarırdım, dostumu tapdım. Samir Abasov deyir, mətbuatı oxumuram, köməkçilərim mənə məlumat verir. Zülümovlar yanlış məlumat verib sənə, Abasov.

Əhməd də tapılıb, texniki zonada yanında əyləşib, sadəcə, meydana çıxmağa halı yoxdur. "Neftçi"də işləməyin heç bir çətinliyi yoxdur" deyib, fasilədə kef çəkəndən sonra 5 xalı "Sumqayıt", "Qəbələ"yə peşkəş elədiz.

Sonra da çıxıb "Neftçi"nin yükü ağırdır" açıqlaması verirsiz. Məntiq Abşeronun üstündə necə fırlanırsa, Yunanov Şahruddinin sifətini təpiklə xəstəxanalıq edir.

O 5 xal yerində olsaydı, "Neftçi" çempionluğu təmin etmişdi artıq. "Qarabağ" da sizdən geri qalmır, hər gecə yuxuda "Keşlə"ni, "Səbail"i görür.

Ovucunuzun içinə göydəndüşmə şans düşmüşdü. Nala-mıxa vurnasaydız, rahat çempionluğu qeyd etməyə hazırlaşırdız.

Gedin Sportinfo.az kimi saytlara, jurnalistlərə dua edin, sizi rahat yaşamağa qoymurlar. Təzyiq olmasaydı, "Sabah"ın, "Keşlə"nin yerində də olsaydız, vecinizə olmazdı.

Ay Samir, görürsən, onlara söz deyən yoxdur, çünki, "Neftçi" deyillər. Gör, indi Ceyhun Sultanovu yada salan var? Ara-sıra gündəmə gəlir, ya gəlmir

Oyundan qabaq ekran qarşısına keçib, "Neftçi"nin dünənini yükləyirsən, futbolçularda inam, qələbə ruhunun olmadığını deyirsən. Hələ bir az da qabağa gedib, lider futbolçuların "Neftçi"dən getmək istədiklərini dilə gətirirsən.

Düz deyirsən! "Qərəzli" görünən Sportinfo nə yazırdı, elə bunları deyirdi də. İndi "Neftçi"nin baş məşqçisi, "damokl qılıncı" Samir Abasov "Neftçi"TV-dən biz yazdıqlarımızı təsdiq edir.

Sənə atəşin salamlar və təşəkkürlər! Bir də yaxınlıqda dolaşan xəbərçidən muğayat ol, gözündən uzağa buraxma. Başa düşsən də özün bilərsən, düşməsən də. Bizdən sənə deməkdir.

Ceyhun Sultanovla Füzuli Məmmədovun səhvi onda idi ki, sinələrini önə verib, Kamran Quliyevi müdafiə etməklə məşğul oldular. Yekunda bacarmadılar.

Sonda da klub prezidenti tərəfindən satıldılar. Samir Abasov, bizim tənqidlərimizin hesabına "Neftçi"yə gətirilmisən. İndi "Sportinfo"nu bəyənmirsən? Həmin Kamran Quliyevdir də.

"Sumqayıt"da tək qaldığını nə tez unutmusan? Səni də, komndanı da 1 saatın içində atıb getdi. Bəlkə qisas hissi ilə alışıb-yanırsan, bu dəfə sən Kamran Quliyevi yola salacaqsan?

Həə... Deəmişdin axı onda: "Biz prezident də yetişdiririk".

Birdən bundan sonra boranı-zad da yetişdirmək fikrinə düşərsən a, qəti eləmə. Çempionluq sualına cavabda "hansı vəziyyətdə komandanı qəbul etmişəm, görün, indi necədir" deyimləri ilə mövzudan yayınırsan.

Hansı vəziyyət idi ki? Onda da ikinci pillə idi, indi də. Heyət də həmin heyətdir.

Az qaldın Ceyhun Sultanov kimi deyəsən, "Neftçi" niyə çempion olmalıdır ki? Bunun əvəzinə "skromnıy" baş məşqçi özü-özünə 3 illik müqavilə təklif edir, Kamran Quliyevə ismarıc göndərir.

Gör, heç Rəşad Sadıqov ağır məğlubiyyətdən sonra Messi və Ronaldodan söz açdı? Günahı futbolçularda, özündə gördü. Ona görə ki, Samir Abasov kimi dünən dediyi sözləri bu gün unutmur.

Demir, bağ belə, bostan elə. Kubokda keçmişəm, qapıma 1 top vura bilmirdilər, neçə xal qazanmışıq, indi bir təsadüfdür, oldu. "Neftçi" kimi komandaya məğlub olmaq qəbahətdir ki? Məntiqi var. Məntiqi olanın sözü həmişə yerində olur. Tək meydanda yox!

Samir Abasov, "Neftçi"yə baş məşqçi gələndən, haqqına ən çox dəstəkçilərindən biri Sportinfo.az olub. Yaxşı olanda tərifləmişik, pis olanda tənqid etmişik. Tənqidi də kluba, Kamran Quliyevin fərasətsizliyinə yönəltmişik. İndi Kamrana vəkillik etmək sevdasına düşmə, bir az ağıllı ol!

Kazbeki, Rasim Karası, Petrjelası, Foqtsu, Toşakı, Gedesi, Qriqoçuku keçib qarşımızdan. Sportinfo.az-a, jurnalistlərə söz atan hələ futbolda xoş gün görməyib.

Ay Samir, sən Türkiyə, Rusiya mətbuatını görməmisən hələ. Avropa da belədir. Oynatdığınız futbolla ora can atın. Tənqid olunan klublardan göndərilən Zidandan, Qvardioladan, Mourinyodan artıq deyilsiz, onların əlinə ancaq su tökə bilərsiz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti