Abasova nə tövbə..?

27 Fevral 2021 11:40 Neftçi 1 151
Abasova nə tövbə..?

Samir Abasov demək olar iki ay hücumçu axtardı «Neftçi»yə.

Başqasını tapmamış, Prins İbaranı göndərdi.

Avqustda transferi son anda baş tutan İbaranı mövsümün sonunadək burada saxlamağa səbri çatmadı, vaxtından xeyli əvvəl yola saldı.

Yerinə gətirdiyini isə bəzi işbazlar elə tərif etdi ki, sanki Abasovun bəyəndiyi dünya ulduzudur.

Sofiya MOİK-indən 4 aylıq icarəyə götürülən Ahmed Ahmedov haqda təqdimatı görən, deyərdi ki, «Neftçi»yə ondan güclü hücumçu gəlməyib, günün günorta çağı çııraqla axtarılan elə o imiş.

Albaniyalı gələr-gəlməz artıq 2 oyunda meydan alıb. «Qəbələ»yə 38, «Zirə»yə qarşı 61 dəqiqə forma geyinib.

Üst-üstə 99 dəqiqə ağ-qara formanı isladan Ahmedov bu rənglərə layiq oyun sərgiləmədi. Şans qazandığı müddətdə ayağına 3-4 dəfə top dəydi, ya dəymədi.

«Qəbələ» ilə oyunda top bir dəfə başda zərbəfason toxunuş etdi, onda da qapıya düşmədi. Başqa nə etdi, görən oldu? Oldusa, Abasova da göstərsin, bir zəhmət.

Hücumçunun səviyyəsi qol duyumu ilə ölçülür. Sürəti yüksək, texnikası əla olmaya bilər, amma mövqe seçməyi bilməsi şərtdir.

Qolu hiss etməlidir və hətta taktiki cəhətdən savadsız olsa belə, bunu topa toxunuşu ilə sığortalamalıdır. Ahmedov bn keyfiyyətlərdən hansı birininsə onda olmasını nümayiş etdirmədi.

Gah sağa qaçdı, gah sola, gah da ortalıqda vurnuxdu. Elə bil, ipdən qırılmışdı, hücum zamanı hara qaçacağını, hara açılacağını, komandası müdafiəyə çəkilərkən, hansı zonanı bağlayacağını bilmirdi.

Kimi deyir, o, burada ayına 7000 dollar qazanacaq, kimi də deyir, yox, 12 min dollar alacaq. Nə 12 minə dəyir, nə 7 minə. Bekar transferdir.

Yenə İbara var idi, maaşı da çox deyildi, cəmi 5000 dollar. Ondan heç nəyi ilə üstün olmayan Ahmedovu gətirib, bu qədər artıq pul vermək büdcənin başına daş salmaqdır.

Mən demişəm, sözümün də üstündə dayanıram - Samir Abasovun seleksiyası biabırçıdır. O göz onda yoxdur. Lazım olan futbolçunu tapmağı və saf-çürük etməyi bacarmır.

Bir il «Zirə»də işlədi, 1 vaqon legioner aldırdı, içindən biri göz doldurmadıı. Kimi bəyəndi, «lax» çıxdı. Hansını deyəsən, odey, bəyəndiyi Papazoğlu deyildi?

Samir Abasov «Neftçi»yə daha əvvəl gəlsəydi və ona yeni komanda formalaşdırmaq tapşırılsaydı, inandırım sizi, heç bu heyətin yarısını da yığmağı bacarmayacaqdı.

Harada dişləri tökülmüş, beli və biləyi bükülmüş, əlləri əsən, ayağı top tutmayan legioner var idisə, gətizdirəcəkdi bura.

Allahı gətirib ki, Füzuli Məmmədov Sabir Buqrini rəhbərliyə aaldırıb, yoxsa kim idi komandanın «hava»sını müəyyənləşdirən? Qalacaqdı belə, dizinə döyə-döyə.

Keçəlin əlacı olsa, öz başına əncam qılar. Samir Abasov məşq keçməkdən savayı nə bilir ki, hələ seleksiya etmək bacarığı olsun. Bu, bir istedad işidir.

Onda yoxdur bu istedad. Ahmed Ahmedovu zurna-balabanla gətirdi, bir az keçər, daş-qalaq edib göndərər.

Abasova nə tövbə..? Həmişə belə olub da.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti