
«Neftçi»dən ayrılan futbolçuların sayı bu gün 4-ə çatıb.
Paytaxt təmsilçisi Rafael Quzzo ilə rəsmən vidalaşıb.
Ötən ilin yayında 2 illik sözləşmə əsasında Azərbaycana gəlmiş portuqaliyalı ilə müqaviləyə qarşılıqlı xitam verilib.
«Ağ-qaralar» 29 yaşlı yarımmüdafiəçidən qurtulmaqla büdcəsinə də qənaət etmiş olub - ona kifayət qədər az məbləğdə təzminat ödənilib.
Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşlılardan milli komandalarının üzvü olub.
“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.
O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.
«Neftçi» ondan öncə Yuri Matias, Azər Salahlı və Azər Əliyevlə müqaviləni uzatmayıb.
SPORTİNFO.AZ