"Kişidirlərsə, indi danışsınlar da! Adam bilmir ki, özünü necə sakitləşdirsin"

24 Noyabr 2020 14:20 Milli komanda 995
"Kişidirlərsə, indi danışsınlar da! Adam bilmir ki, özünü necə sakitləşdirsin"

Azərbaycan yığması üçün Millətlər Liqasında 2-ci mövsüm başa çatdı.

Sportinfo.az xəbər verir ki, komandamız Monteneqro, Lüksemburq və Cənubi Kiprin yer aldığı qrupu 6 xal toplamaqla 3-cü pillədə bitirdi.

İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında 1 qələbə qazandıq, 2 dəfə uduzduq, 3 matçda heç-heçə etdik. Görünən budu ki, De Byazi DÇ-2022-nin seçmə mərhələsi üçün heyət formalaşdırmağı düşünür.

O, “milliləşdirilənlər”in xidmətindən imtina edib, yığmaya bir sıra yeni və gənc futbolçular çağırmaqla, onlara şans verməklə niyyətini aydın şəkildə göstərdi.

Bəs son seçmə mərhələdəki nəticələri yığma üçün qənaətbəxş saymaq olarmı? De Byazi arzuladığı səviyyədə komanda formalaşdıra bilibmi?

Monteneqro, Lüksemburq və Cənubi Kipr kimi komandaların olduğu qrupda 3-cü yeri tutmaq gələcək üçün nə vəd edir?

Bütün bu suallar ətrafında müzakirə açmağa qərar verdik. Həmsöhbətlərimiz yığmanın sabiq üzvü Vaqif Cavadov, komanda.az portalının rəhbəri Rəşad Ergün, Azərbaycan futbolunun qocaman mütəxəssislərindən Ağasəlim Mircavadov və nisbətən cavanlardan Novruz Əzimovdur (Futbol+).

Vaqif Cavadov: “Lüksemburqla ilk oyundan başqa komandamız orta səviyyədə oyun nümayiş etdirdi. Görünən odu ki, baş məşqçi ilk növbədə müdafiədəki problemləri həll etmək istəyirdi. Bu onda yaxşı alındı. Amma komandanın oyununda ruh yoxdu. Berti Foqtsun zamanında da komandamız yaxşı müdafiə olunurdu. Lakin hücumda belə “dişsiz” deyildik. Xətlər arasında əlaqə var idi. Güclü komandalara qarşı oynayanda başağrısı olurduq. Onları məğlub edirdik. İndiki məqamda ən yaxşı proses milliyə ancaq yerli uşaqların dəvət olunmasıdı. Çempionatda özünü yaxşı tərəfdən göstərənlərin hamısı yığmaya çağırılıb. Oynadığım dönəmdə də demişəm, indi də deyirəm ki, legionerlər futbolumuza xeyir vermirlər. Onlar gəlib, oynayıb, mükafatlarını alıb, gedirlər. Can qoymurlar. İndiki uşaqlarda isə cəhd var. Sadəcə, zaman lazımdır ki, formalaşsınlar. Çoxlu gənc futbolçu dəvət olunub yığmamıza. İstənilən halda bu yaxşı haldı. Çünki onlar gələcəyin təminatçılarıdı. Bu komandanın 4 matçda qol buraxmaması müdafiədə ehtiyyatlı oynamağın baş məşqçinin əsas prinsipi olduğunun göstəricisidi. Yenə deyirəm, sanki komandada ruh yoxdu. Bu da lidersizlikdən irəli gəlir. Bizim vaxtımızda Mahir Şükürov, Rəşad Sadıqov, Vurğun Hüseynov, Ruslan Abışov kimi liderlik keyfiyyətlərinə malik oyunçular var idi. Hamısının komandada xüsusi çəkisi var idi, söz sahibiydilər. Onlar legionerlərə səhvlərini deyirdilər, irad bildirirdilər. İndi isə təkcə Şahruddin müəyyən qədər bu funksiyanı üzərinə götürüb. Oyun zamanı hamı ilə danışır. Qurtarışlar edərək, komandanın səhvlərini “siğortalayır”. Başqa heç kim yoxdu. Düzdü, biz də müəyyən oyunlarda uduzurduq. Amma daha baxımlı oynayırdıq. Gəlin etiraf edək ki, qrupdakı komandalar nə Belçika, nə Rusiya, nə də Türkiyə deyil. Heç indiki Rusiya millisindəki futbolçular da həmin dövrdəkindən güclü deyil. Bizim milli komanda indi onlarla başa-baş mübarizə apara bilər? Əlbəttə, yox!
Əsas problem isə çempionatın səviyyəsinin aşağı olmasıdı. Legionerlər də əvvəlki kimi deyillər. Əvvəllər “Neftçi”də, “Qarabağ”da, “Qəbələ”də, “Xəzər Lənkəran”da, “İnter”də çox güclü əcnəbilər oynayırdılar. Mən Azərbaycan çempionatında 2007-ci ildən oynamağa başlamışam. Həmin illərdə 5-6 komanda çempionluq üçün oynayırdı. Hamısının da heyətində güclü yerli və əcnəbi futbolçular. Yerli uşaqlar onlara baxıb, daha diqqətli oynamağa çalışırdılar. Az səhv edirdik. Vallah, səmimi deyirəm ki, millinin heyətində çıxış edən bir çox futbolçu onda heç klublarda əsas heyətdə yer almazdılar. Çünki rəqabət çox güclü idi. İndi əsas məqsədimiz çempionatda komandaların sayını artırmaq olmalıdı. Klublara güclü legionerlər transfer edilməli, futbolumuzun coğrafiyası genişlənməlidi. Bundan sonra futbolçularımız öz üzərində məsuliyyət hiss edəcəklər. “Milliləşdirilmiş” futbolçulardan az istifadə etmək yaxşıdı, amma yığmaya çağırılanlar özlərini əvəzolunmaz hiss etməməlidilər. Futbolçu sayı çox olmalıdı ki, onlar daim öz yerlərini itərəcəklərini düşünsünlər.

Rəqiblər də o qədər güclü deyildi. O vaxt biz Şimali İrlandiyaya qalib gəlirdik. İndiki komanda onlara uda bilər? Məncə, yox! Onda kimlərə qarşı oynayırdıq? Daha səviyyəli Arşavinə, Pavlyuçenkoya, Kerjyakova qarşı. Belçika millisinin ulduzları ilə heç-heçə edirdik. İndi Yovetiçdən başqa kim ustalıq səviyyəsinə görə üstün idi ki? Vallah, indiki yığma üzvlərindən çoxunu bizim dövrdə klublara götürməzdilər. Ya da ehtiyatda qalardılar.
Yenə deyirəm ki, yığmada indi müsbət məqam gənclərin çoxluq təşkil etməsi və əsasən yerli futbolçuların olmasıdı. Liderlik funksiyalarına malik futbolçu da olsa, bu komanda 3-4 ilə yaxşı nəticələr əldə edə bilər. Məşqçi yetərincə tanınmış biridi. Düzdü, çoxları deyir ki, yerli məşqçi olmalıdı. Amma gəlin baxaq, görək ki, indi millidə işləməyə layiq kim var? Təkcə Qurban Qurbanovdu, o da “Qarabağ”ın uğurları üçün çalışır. Samir Abbasov da öz keyfiyyətləri ilə bura layiqdi, amma hələ çalışmalıdı. Düzdü, Samir Əliyev də 19 yaşlılardan ibarət yığmamızın başındadı. Amma onun da əsas yığmada çalışması real görünmür. De Byazi çempionatda çıxış edən futbolçulardan yaxşı komanda formalaşdırmaq niyyətindədi. Bu səbəbdən də italiyalı məşqçiyə zaman lazımdı. Gözləyək və inanaq”.

Rəşad Ergün: “Azərbaycan millisi daha hansı turnirdə mübarizə aparmalıdı ki, normal oyun göstərsin, nəticə qazansın, anlamıram. Millətlər Liqasındakı çıxış, nəticələr rəzillikdir. Biz futbol oynayanda Lüksemburqda bəlkə topla yenicə tanış olmuşdular. Amma baxın, kim hardadı, kimin futbolçusu hansı çempionatlarda çıxış edir. Bütün bunların əsas günahkarı AFFA rəhbərliyidi. Rövnəq Abdullayevlə Elxan Məmmədov başqalarına yox, özlərinə zərrəcə hörmət edirlərsə, Azərbaycan futbolunun başına corab hörməkdən əl çəkməlidilər. Mən baş məşqçini - Canni De Byazini qınamıram. Onun günahı odu ki, hansı komandaya gəldiyini əvvəldən bilməliydi. Hərçənd Millətlər Liqasında daha yaxşı oyun göstərməsinə, daha yaxşı nəticəsi olmasına baxmayaraq, Qurban Qurbanovu qovan AFFA rəhbərliyinin De Byazi ilə nə edəcəyi də mənə maraqlıdı. Amma bunlar xırda detallardı. Sistem tam dəyişməlidir. Sistemin dəyişməsi üçün də AFFA rəhbərliyi dəyişməlidi”.

Ağasəlim Mircavadov: “Millətlər Liqasındakı oyunlar göstərdi ki, komandada oyun qurucusu yoxdu. Baş məşqçi əsasən müdafiəyə fikir verir. Bu da öz nəticəsini verir. Son 4 oyunda qapımızı toxunulmaz saxlamışıq. Lakin qol vurmaqda problem yaşayırıq. Düzdü, müdafiəçilərimiz yaxşıdı, amma arxa xətt ilə hücumu əlaqələndirə biləcək oyunçu tapılmır. Heyətdəki futbolçuların hamısı yerli çempionatda çıxış edirlər. Bu da onun gösətəricisidi ki, premyer-liqadakı komandaların pleymeykerləri yox dərəcəsindədi. Təkcə “Qarabağ”da bu problem yoxdu. De Byazi gələndən sonra komanda, demək olar ki, başdan-ayağa dəyişdi. Gənclər daha çoxluq təşkil edir. Hiss olunur ki, italiyalı üçün Millətlər Liqası əsas heyəti formalaşdırmaq baxımından sınaq idi. Lakin onun hələ həll etmədiyi problem var ki, bu da ölkə futbolunda çarəsi tapılmayan məsələdi. O vaxt bizdə bu mövqedə oynayan futbolçular çox idi. Mahmud Qurbanov, Vidadi Rzayev, Yunis Hüseynov komandanın əsas silahları idilər. Bir-iki hərəkətdən sonra ya qapıya zərbə endirirdilər, ya da hücumçuya ötürmə edirdilər. İndi belə futbolçulardan kim var? Baxın, “Qəbələ”də iki hücum qura bilən yarımmüdafiəçi var: Cavid Hüseynov və Asif Məmmədov. Onlar topu forvardlara daşıyır və hücumlar qururlar. Bu futbolçular da millinin sabiq üzvləri olublar, yaradıcı funksiyalar yerinə yetiriblər. “Qarabağ” və “Qəbələ”dən başqa kimdə belə sistem var? Heç birində. Problem klubların akademiyalarındadı. Yetişdirmirlər. Legionerlərdən imtina etmişik. Əslində bu yaxşı məqamdı. Düzdü, deyirlər ki, Meza Kolli, Ozobiç, Əmir “milləşdirilsin”, amma niyə? Niyə öz yetişdirdiyimiz futbolçulardan istifadə etməyək? Əlimizdə olanlar bunlardı və onlara da güvənmək lazımdı. Klublarımız milliyə çağırılan futbolçulara güvənməlidilər. Aşağı yaş qruplarında yer alan oyunçulardan hansı klubların əsas heyətində meydana çıxırlar? Bir çoxları əvəzedicilərdə oynayırlar və ya 5-10 dəqiqə meydanda olurlar. Bu uşaqlara şans vermək lazımdı ki, oyun tərzlərini formalaşdırsınlar. Bu gün Almaniya futbolu da gəncləşdirməyə getdi. Onların da nəticələri göz önündədi. Məğlubiyyət və heç-heçələr hər zaman var. Lakin müəyyən vaxtdan sonra bu futbolçulardan nələrsə tələb etmək olar. Millətlər Liqasında gördük ki, müdafiədəki problemlər həll olunmaq üzrədi. De Byazi, demək olar ki, əsas heyəti formalaşdırıb. İndi isə daim tətbiq olunacaq oyun tərzini formalaşdırmaq lazımdı. Bunun üçün gələn ilin martına qədər vaxtı var. Oyunçular da məsuliyyətlərini dərk edib, öz üzərlərində işləməlidirlər ki, yaxşı nəticələr əldə etsinlər. Dediyim kimi, klublar öz futbolçularımıza güvənib, akademiyalarında futbolçu yetişdirməlidilər. Onda istədiyimiz səviyyədə oyun nümayiş etdirəcəyik”.

Novruz Əzimov: “Vallah, biabırçılıqdı. Adam oyuna baxıb, utanır. Nə məzmun var, nə də sistem. Bilmək olmur ki, futbolçular nə etmək istəyirlər. 7 müdafiəyəmeyilli futbolçu ilə meydana çıxmışıq. Bilmək olmur ki, məqsəd nədi? 6 oyuna 6 xal yığmışıq. Qurban Qurbanovun vaxtında son tura kimi şansımızı saxlamışdıq. Burda isə axırıncı oyunu sonuncu olmamaq üçün oynayırdıq. Gənc yerli futbolçular komandada çoxluq təşkil edir. Amma bu futbolçulardan düzgün istifadə etmək lazımdı. Ramil Şeydayev sanki psixoloji problem yaşayır. “Sabah”ın heyətində penaltini vura bilmir. Millidə bir çox epizodları qaçırır. Onunla fərdi söhbətlər etmək lazımdır ki, problemi öyrənilsin. Bəlkə komandasının sonuncu pillədə olması ona təsir edir? Çünki öz oyununu göstərə bilmir. Ümumiyyətlə, komandada xətlərarası problemlər var. 2-3 ardıcıl ötürmə ilə hücumlar qura bilmirik. İlk dəfə görürəm ki, həmişə sol cinahda oynayan futbolçu millinin heyətində sağ cinahda çıxış etsin. Bu Tellur “Sumqayıt”da, “Zirə”də, başqa komandalarda solda oynayıb. Millidə isə ancaq sağda oynadıldı. Təmkin Xəlilzadə ilə belə eksperiment alındı. Amma bütün futbolçular eyni deyil. Mən futbolçu olanda müdafiənin mərkəzində oynayırdım. Arada məşqçilər sol cinahda da yoxlayırdılar. Burda alınırdı, amma sağa alışa bilmirdim. Bəlkə də 10-15 oyundan sonra sağda nəsə edə bilərdim, amma effekti olmayacaqdı. Məşqçilərimizdə bunu bilib, məni ancaq mərkəzdə oynadırdılar. İndi De Byazi tutub ki, Tellur solda oynamalıdı.
6 oyunda 6 xal yığmağa nə deyim? Bu komandaları da udmayıb, kimi udacağıq. Yenə deyirəm, Qurban Qurbanovun vaxtında Millətlər Liqasını 2-ci pillədə bitirdik. Özü də son matça kimi şansımızı qoruduq. Həmin matçdan əvvəl nələr baş verdiyini də hamı xatırlayır. Hanı o qarşılaşmadan öncə dil-dil ötənlər? Niyə indi çıxıb danışmırlar? De Byazidən hesab soruşmurlar? Niyə demirlər ki, bizim əsas hədəfimiz qrup lideri olmaq idi? Kişidilərsə, indi danışsınlar da? Çıxıb media vasitəsi ilə o sualları versinlər De Byaziyə. Xalqımızın belə dövründə yığma bizə sevincli anlar yaşatmaq əvəzinə… Adam bilmir ki, özünü necə sakitləşdirsin. Sistem dəyişməlidi. Bu oyunçuların bacardığı budu. Ancaq müdafiə olunmaqla da futbol oynamaq olmaz axı. Hücum qurmaq lazımdı. Ələ düşən fürsətləri dəyərləndirməliyik. Özü də bu tip rəqiblərə qarşı ancaq müdafiə oynamaq düzgün deyil. Görünən odu ki, sistem dəyişməsə, heç nə düzələn deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı