"Bəlkə də AFFA milli üçün kiminləsə danışıb, razılıq olub"

10 May 2020 19:40 Milli komanda 688
"Bəlkə də AFFA milli üçün kiminləsə danışıb, razılıq olub"

Sportinfo.az xəbər verir ki, milli komandanın baş məşqçi postu hələ də boşdur.

Mətbuatda bu vəzifə üçün saysız-hesabsız mütəxəssislərin adları çəkilsə də, heç biri rəsmiyyətə qovuşmadı.

Nəhayət, bir müddət öncə AFFA açıqlama yayaraq, yığmaya baş məşqçi seçimi üçün danışıqları dayandırdığını bildirdi. Sözsüz, belə vəziyyətdə danışıq aparmaq mənasızdı. Düzdür, Nikola Yurçeviç vəzifəsindən ayrılanda dekabr idi. O zaman isə heç koronavirusun izi-tozu da yox idi.

Ancaq federasiya rəhbərliyi nədənsə tələsmədi, arxayın davranmağa üstünlük verdi. Düzdü, bu arxayınlıq Millətlər Liqasının martın 3-də keçirilən püşkatma mərasimi ilə də bağlı idi.

Bir yandan araya pandemiyanın girməsi bizim üçün yaxşı oldu. Çünki əks təqdirdə beynəlxalq oyunlar martda başlayacaqdı, bizim isə hələ də baş məşqçimiz yox idi…

Hazırda nəinki ölkə, hətta dünya futbolunun belə qarşısında böyük bir qeyri-müəyyənlik var. Hələlik premyer-liqanın da aqibəti bəlli deyil. Ancaq millinin baş məşqçisi axır-əvvəl təyin olunmalıdı.

Üstəlik, futbolçuların bir müddətdi hazırlıqsız qalması, yeni baş məşqçinin onları tanımaması ikiqat çətinlik yaradacaq. Milli komandamızın sabiq çalışdırıcıları Ağasəlim Mircavadov və Vaqif Sadıqovla bu barədə danışdıq. Təcrübəli mütəxəssislərdən baş məşqçi təyinatının gecikməsinin yığmaya necə təsir edəcəyinə münasibət öyrəndik (Futbol+).

Ağasəlim Mircavadov: “Açığı, yaşımla bağlı mən bir müddətdi işə gedə bilmirəm. Qərara riayət etməyə çalışıram. Ancaq AFFA-nın millinin baş məşqçisi üçün danışıqları dayandırmasından xəbərdaram. Hazırda danışıqlar davam etsə də, nəticə olmayacaq. Yəqin bir şey bilirlər ki, edirlər. Onsuz da hazırda iş yoxdu, hər yer dayanıb. Bəlkə də kiminləsə danışıblar, razılıq olub. Ola bilsin, gözləyirlər. Bu durumdan milli komandanın əziyyət çəkməsinə gəlincə, hazırkı vəziyyətin dünyada bütün idman növlərinə təsiri olacaq. Buna şübhə yoxdu. Hazırda yalnız Belarus çempionatı davam edir. Baxın, milliyə futbolçular hardan gəlir? Klublardan. Hazırda onlar dayanıb, məşq etmirlər, oynamırlar. Ancaq bu gündən bəzi yerlər fəaliyyətə başlayacaq. Yəqin yavaş-yavaş hər şey normala dönəcək. Amma yenə də heç kim bilmir ki, koronavirus tam olaraq nə vaxt bitəcək. Necə olacağını bilmək üçün vaxta ehtiyac var”.

Vaqif Sadıqov: “Mövcud vəziyyətin tək milli komandaya yox, bütün Azərbaycan futboluna təsiri olacaq. Təbii ki, bu gün komanda planlı şəkildə fəaliyyət göstərə bilmirsə, başındakı insan bəlli deyilsə, mütləq təsiri olacaq. Ancaq o təsiri minimuma endirmək üçün hamımız çıxış yolu tapmalıyıq. Elə bir vəziyyətdəyik ki, təsirsiz ötüşə bilmir. Bu gün klublar dayanıb, oyunçular formasından uzaqdı, milli komandalar fəaliyyətsizdi. Necə təsirsiz ötüşə bilər ki?! Koronavirus pandemiyasından öncə baş məşqçi təyin etməyə imkan var idi. O vaxt danışıqlar gedirdi. Artıq siyahıdan az namizəd qalmışdı. Ancaq yekun qərar olmadı, sonra da araya xəstəlik düşdü. Amma yenə də çıxış yolu tapmalıyıq. Açığı, bu vəziyyətdə AFFA-nın kiminləsə danışıq apardığına, razılaşdığına inanmıram. Çünki federasiya rəhbərliyi hər zaman futbol ictimaiyyəti ilə şəffaf şəkildə çalışır. Belə bir şey olsaydı, açıqlanardı. Bilirsiz ki, danışıqlar dayandırılıb. Hazırda gözləyirik ki, pandemiya bitsin, çempionatlar bərpa olunsun və ən əsası beynəlxalq oyunların təqvimini bilək. Ondan sonra danışıqları bərpa edərik”.

Digər Xəbərlər
Xəbər Lenti