Rəşad Sadıqov millinin baş məşqçisi olmağa razılıq verməlidirmi?

17 Mart 2020 12:30 Milli komanda 1 279
Rəşad Sadıqov millinin baş məşqçisi olmağa razılıq verməlidirmi?

Azərbaycan yığmasına baş məşqçi təyinatı hələ də gerçəkləşməyib.

AFFA rəsmiləri bunun üçün konkret səbəb də göstərmirlər.

Amma rəsmilər səbəb göstərməsələr belə, baş verən proseslər müəyyən nəticələr çıxartmağa imkan verir.

Qəsdən yubadılma?
Belə görünür ki, AFFA rəsmiləri millinin baş məşqçisi məsələsini qəsdən yubatdılar. Millətlər Liqasının püşkatmasına qədər gözləməyin isə müəyyən səbəbi varmış.

Daha doğrusu, AFFA rəhbərliyinin gizli planı üzə çıxdı. Böyük ehtimalla, rəhbərlik Millətlər Liqasında hansı rəqiblərlə qarşılaşacağımızı bilməyənə qədər yığmaya baş məşqçi təyinatını gerçəkləşdirmək istəməyiblər.

Niyə? Əvvəlcədən elan edilmişdi ki, yığmaya əcnəbi çalışdırıcı gətiriləcək. Bütün namizədlərin də xarici olduğu deyilirdi. Amma püşkatmadan sonra vəziyyət dəyişdi.

Birdən-birə Rəşad Sadıqovun namizədliyi məsələsi gündəmə gəldi. Hətta yığmanın futbolçuları da mətbuata verdikləri açıqlamalarda onun təyinatını birmənalı olaraq dəstəklədilər. Nə baş verir? Axı biz yığma futbolçularının xarakterinə bələdik. Onlar rəhbərliyin icazəsi olmadan su da içə bilməzlər.

Bəs birdən-birə hamısı bir ağızdan “Rəşad Sadıqov” niyə desinlər ki? Deməli, göstəriş AFFA-dan gəlib. Bəs plan niyə dəyişib? Millətlər Liqasındakı rəqiblər həddindən artıq güclüdürlər. Azərbaycan yığmasının bu qrupdan çıxmaq ehtimalı yoxdur.

Amma püşkatmadan dərhal sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirdi ki, qrupdakı bütün rəqiblər eyni səviyyəlidir. Özü də bilirdi ki, yalan danışır. Amma bu yalan indilikdə onun planlarına uyğun gəlir.

Əcnəbini “yandırmaq” istəmir ki...

Böyük ehtimalla, Elxan Məmmədov püşkatmadan sonra bu qrupdan çıxmağın mümkünsüz olduğunu bildiyi üçün əcnəbi variantından imtina edib. Amma müvəqqəti. B planı belədir: Millətlər Liqasında yığmaya yerli baş məşqçi rəhbərlik edir. Heç bir əhəmiyyət kəsb etməyən bu turnirdə yığma qrupdan çıxa bilmir. Bundan sonra yerli baş məşqçi istefaya göndərilir və DÇ-2022-nin seçmə mərhələsi üçün əcnəbi mütəxəssis dəvət edilir.

Niyə Rəşad Sadıqov?
Futbol ictimaiyyəti Azərbaycan yığmasının cüzi perspektivinin olmadığını bildiyi üçün AFFA-dan tələb edir ki, milli komandaya yerli mütəxəssis başçılıq etsin, ondan heç bir nəticə tələb olunmasın, əcnəbilərə verilən vəsait də uşaq futbolunun inkişafına yönəldilsin.

Elxan Məmmədov hələ karyerasını bitirməmiş Rəşad Sadıqov variantı üzərində dayanır. Baxmayaraq ki, ictimaiyyət Samir Abbasov, Tərlan Əhmədov deyirdi. Rəşad Sadıqov bir dəfə “yandırılıb”.

Söhbət U-21-in baş məşqçisi işləyərkən, Qurban Qurbanov yığmadan qovulan vaxt, Sadıqovun da özünə xəbər verilmədən vəzifəsindən azad edilməsindən gedir. Həmin vaxt bütün futbol ictimaiyyəti hesab edirdi ki, Qurbanova da, Sadıqova da işləməyə imkan verməyən şəxs məhz Elxan Məmmədov olub.

Bəs onda nə baş verir ki, U-21-dən urvatsız şəkildə uzaqlaşdırılan Rəşad Sadıqovun indi yığmaya rəhbərlik etmək məsələsi gündəmə gətirilir? Və belə görünür ki, Sadıqov özü də bunun əleyhinə deyil. Hər halda mətbuata verdiyi son açıqlamada “xarakterimə bələdsiz, çətinlikdən qorxan deyiləm” deməklə, razılığını dolayısı ilə bildirib.

Fikrimizcə, Sadıqov U-21-dən o cür göndəriləndən sonra belə rəhbərliklə işləməyə razılıq verməməlidir. Özü heç, ən azı dostu Qurban Qurbanovun başına gətirilənləri nəzərə almalıdır. Amma deyəsən, nəzərə almır bunları.

Məmmədov tutarlı faktlar göstərib?
Deməli, ortada başqa səbəblər var. Xatırlatdığım kimi, hər kəs iddia edirdi ki, yığmada Qurbanovla Sadıqova “torba”nı Elxan Məmmədov tikib.
Bir müddət əvvəl Elxan Məmmədov Rəşad Sadıqovla görüşdü.

Təbii ki, Qurban Qurbanovun razılığı olmasaydı, Sadıqov bu addımı atmazdı. İndi bir versiya ondan ibarətdir ki, Elxan Məmmədov Sadıqovla görüşdə Qurban Qurbanovun yığmadan qovulmasının onun iradəsindən kənar olduğu ilə bağlı tutarlı faktlar verə bilib.

Məhz Qurbanovla Sadıqovun inandırılmasından sonra mətbuatda ikincinin yığmanın baş məşqçi postuna namizədliyi müzakirə mövzusuna çevrildi. Mətbuat yazdı, futbolçular istədi, Sadıqov da etiraz etmədi.

Hər şey cəfəngiyatdır!
Daha bir versiya belə ola bilər: Ümumiyyətlə, AFFA-da heç bir qarşıdurma yoxdur. Elxan Məmmədovla Rövnəq Abdullayev düşmən deyil. Məmmədov Abdullayevin tapşırıqlarını yerinə yetirir, özü də can-başla. Və üstəlik, ona qarşı yönələn tənqidləri də öz üzərinə götürür. Yığmanın baş məşqçi məsələsi də birbaşa Rövnəq Abdullayevin iradəsi ilə həll olunur.

“Oyun”u əla oynayırlar. Futbol ictimaiyyəti də bu “oyun”dan zövq alır. Vəssalam! “Torba” isə Azərbaycan futboluna tikilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi