“Azərbaycanın güclü tərəflərini bilirik.
Amma biz öz oyunumuza sadiq qalsaq və maksimum səviyyədə çıxış etsək, qələbə qazanmaq üçün hər şeyimiz var”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin kapitanı Qabriel Bras deyib.
22 yaşlı mərkəz müdafiəçisi Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi komandanın hazırkı durumunu dəyərləndirib:
“Son günlər müsbət keçir. Yeni gələnlər komandaya keyfiyyət qatır. Bəziləri daha əvvəl burada oynamış futbolçulara bənzər xüsusiyyətlərə malikdir, digərləri isə fərqli keyfiyyətlər gətirir. Qrupu yeniləmək və gücləndirmək həmişə yaxşıdır. Seçmə mərhələdə daha 3 xal qazanmaq istəyirik. İndiyə qədər göstərdiyimiz oyunu və ideyaları davam etdirməliyik. Diqqətimizi öz oyunumuza yönəldib növbəti qələbəni qazanmaq niyyətindəyik”.
Bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 15:00-da başlayacaq.

