Azərbaycan milli komandasını qarşıda "FİFA series - 2026" turniri gözləyir.
Rəqiblər Sent-Lüsiya və Syerre-Leona yığmalarıdır.
Sportinfo.az-a açıqlama verən millimizin sabiq baş məşqçisi Arif Əsədov ilk öncə turnirin əhəmiyyətindən danışıb:
"İkinci dəfədir bu turnir keçirilir. Əsas məqsəd bütün qitələrdən olan milliləri üz-üzə gətirməkdir.
Fərqli futbol fəlsəfəsi, mədəniyyəti olan ölkələr bir-birini tanısın. Artıq ikinci dəfədir turnir Bakıda keçiriləcək.
Gələn qonaqlar Bakını tanıyır, ölkəmiz barədə məlumatlar əldə etmiş olurlar. Bunu özünü təbliğat baxımından turniri faydalı hesab edə bilərik".
Təcrübəli mütəxəssis davamında idman tərəfinə toxunub:
"Millimiz bu turnirdə nə qazana bilər? Qarşıdan Millətlər Liqası gəlir. Vacibdir ki, baş məşqçi Ayxan Abbasov futbolçuları öz sərəncamında görsün.
İzlədiyi oyunçuları yaxından tanıya bilsin. Dəvət olunanlar arasında yeni adlar görürük. Onlar üçün şans yaradılacaq.
Əsas məqsəd ondan ibarətdir ki, uzun müddətdir davam edən sindromu qırıb qələbə qazanmaq olacaq. Bununla komandaya inam vermək olar.
Rəqiblər də dişimizə görə olduğu üçün yığmanın qələbələri sıralayacağını fikirləşirəm. Fernandu Santuşun dönəmində yığma böyük eniş yaşadı.
Ayxan Abbasovun gəlişindən sonra Ukrayna ilə bərabərlik xaric nəticələr müsbət olmaya bilər, amma millidə arzuladığımız ruh yüksəkliyini gördük.
İndi də qazanılan qələbə həmin balansı qorumuş olacaq. Ki, qarşıdakı rəsmi oyunlarda daha inamlı milli görmüş olaq.
Ən əsası, yeni adları görəcəyik, baş məşqçi istədiyi oyun fəlsəfəsini tətbiq edəcək. Bu baxımdan faydalı turnir hesab etmək olar. Millimizə uğurlar arzulayıram".
XANOĞLAN

