Ucuz milli, qiymətsiz futbolçular və Elxan Abdullayev

27 Noyabr 2021 17:40 Milli komanda 1 065
Ucuz milli, qiymətsiz futbolçular və Elxan Abdullayev

Noyabrın 16-da U-19 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununa çıxdı.

Buna kimi Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabı ilə məğlub olan komandamızın son rəqibi Lüksemburq idi.

Oyunların Lüksemburqda keçirilməsinə və rəqibin kifayət qədər güclü olmasına baxmayaraq, komandamız 2:0 hesablı qələbəyə sevindi. Gənclərimiz əsas millimizin «boğazında ilişən» cırtdan Lüksemburqdan bir növ heyif çıxdılar.

Onsuz da hələ seçmə mərhələnin püşkü atılanda, rəqiblər bilinəndə qrup üçüncülüyünün ən yaxşı nəticə olacağı ilə hamı barışmışdı. Belçika və İspaniyadan 1 xal belə alınması ehtimalı sıfıra bərabər idi. Ümid qalırdı Lüksemburqa… Niyə? Niyəsini yazının gedişində açıqlayacam.

Komandamız Bakıya döndükdən sonra U-19 millimizin növbəti mərhələyə çıxmadığına görə komandanın baş məşqçisi Elxan Abdullayev tənqid atəşinə tutuldu. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Hətta baş məşqçini millidən göndərməyi düşünən AFFA rəhbərliyinin də. Bu barədə məlumatı həmkarlarımdan almışam. Ki, AFFA rəhbərliyi U-19-un baş məşqçisi Elxan Abdullayevin işindən narazıdır və yaxınlarda onu istefaya göndərəcək. Əgər həqiqətən belədirsə…

Seçmə mərhələdəki rəqiblərimizdən başlayaq. Doğrudan Belçika və İspaniyanı məğlub edə bilərdik? Belçikanın sifariş ərizəsinə saldığı 20 futbolçunun demək olar ki, hamısı ölkəsinin əsas çempionatlarında siftə edib. Səviyyəsinə və peşəkarlığına görə Premyer Liqamızı 18 komandalı Belçika Yupiler Pro Liqası ilə müqayisə etmək yersizdi. Belçikalı gənclərin arasında hətta İngiltərə Premyer Liqasının təmsilçisi də var idi – Romeo Lavia. Maraq üçün qeyd edim ki, Lavianın hələ yanvarda 18 yaşı tamam olacaq. Uşaq olmasına baxmayaraq, artıq «Mançester Siti» ilə peşəkar müqavilə imzalayab. Özü də onun ingilis klubuna getməsinin səbəbkarı birbaşa Xose Qvardiolanın özüdü. Yaxın gələcəkdə bu futbolçunu "Siti"nin heyətində görsək, təəccüblənməyə dəyməz. Və ya Yohan Bakayoko. 18 yaşlı hücumçu Hollandiyanın PSV klubuna məxsusdur.

İspaniya haqda da 1-2 kəlmə. Yəqin ki, sentyabrın 14-də Çempionlar Liqasında «Barselona» - «Bavariya» (0:3) matçını izləyənlərin əksəriyyəti bunun fərqinə varmayıb. Məhz həmin oyunda «Barsenola»nın heyətində 18 yaşlı bir futbolçu debüt etdi. Bu, Alexandro Balde idi. Həmin Balde Lüksemburqda millimizə qarşı oyunda da meydanda idi. Digər futbolçuların da demək olar ki, hamısı məxsus olduqları klubların B komandasında çıxış edirlər. Əsas komandaya cəlb olunanlar da var.

Lüksemburqa gəlincə, 630 min əhalisi olan bu cırtdan ölkənin Premyer Liqasında 16 komanda çıxış edir. Bizdən 2 dəfə çox. Bu komandaların hamısının aşağı yaş qruplarının olduğunu nəzərə alsaq, məşqçinin futbolçu seçimi daha çoxdu. Üstəlik, bizim futbolçulardan fərqli olaraq lüksemburqlu gənclərin bir hissəsi başqa ölkələrin klublarının üzvləridir. Məsələn, 17 yaşlı Roni Klisurika Hollandiyanın «Roda», 16 Rayan Berberi Belçikanın «Standart», David Conatanssa «Bavariya»nın Futbol Akademiyasının yetirməsidir. Bəs bizdə?

Premyer Liqamızda 8 komanda var. Birinci Divizionda isə 13 iştirakçı. Hansı ki, onlardan cəmi 5-i kağız üzərində müstəlqil klubdur. Qalan 8-i Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarıdır. Bu yaşda futbolçuların oynaya biləcəyi daha bir çempionatımız var – Gənclər Liqası. Neçə ildir ki, cəmi 9 komanda ilə keçirilir – 8 Premyer Liqa klubunun təmsilçisi və daim autsayder mövqeyində qərarlaşan «Neftçi» İSM. 2 il əvvəl bu liqada «Tufan» tufan etmək istədi. Pandemiya və sponsorun imtinası «tufanı yatırdı». Klub sayının azlığı baş məşqçinin seçim imkanını avtomatik məhdudlaşdırır. Faktlara əsaslanaq. Premyer Liqa təmsilçilərimizin iştirak ərizəsində 19 yaşlı və daha gənc cəmi 8 futbolçu var: «Qarabağ» 2003-cü il təvəllüdlü 1, «Zirə» 2, «Sumqayıt» 2 və «Qəbələ» 3 gəncin adını sifariş edib. 8 əvəzedici komandada 2003-cü il təvəllüdlü 35, 2004-cü il təvəllüdlü isə 20 futbolçu var. Divizionunn digər təmsilçilərində bu rəqəm uyğun olaraq 13 və 3-dür. Hamısını toplasaq, 80-ə çatmır. Demək ki, hər 4 futbolçudan biri milliyə düşür. Bir məqama da diqqət yetirək. Bu futbolçuların yarısından çoxu ötən mövsüm heç əvəzedici komandalarda da oynamamışdılar. Azından Gənclər Liqasında çıxış etməli idilər. Gəl ki, pandemiya səbəbindən çempionat keçirilmədi. Yalnız may ayında Gənclər Kuboku təşkil olundu ki, bu da futbolçuların oyun praktikası qazanması baxımından kifayət etmirdi. Yeri gəlmişkən, kubokun qalibi olan "Qəbələ" ölkəmizi UEFA Gənclər Liqasında təmsil etdi və ilk mərhələdəcə Niderlandın "Alkmaar" komandasına biabırçı hesablarla (0:4, 0:7) məğlub olaraq mübarizəni dayandırdı. U-19-un Lüksemburqa aparılan heyətində həmin "Qəbələ"nin 6 futbolçusu yer almışdı.


Maraqlıdır ki, Elxan Abdullayev U-19 millimizə Divizion klublarından kimsəni dəvət etməmişdi. Gənclər Liqasından isə ümumiyyətlə, dəvət ediləsi kimsə yoxdur. Olsaydı, klubun əvəzedici komandasında oynayardı. Lüksemburqa aparılan heyət bütünlüklə əvəzedici komandalarda çıxış edən futbolçulardan qurulmuşdu. Qapıçı Eldar Tağızadə ("Klermon" Fransa) və milliləşdirilmiş Yusuf Oralı ("Beşiktaş" Türkiyə) çıxmaq şərtilə. Milliləşdirilmədən söz düşmüşkən, Vardar Berkayı yada salaq. Aşağı yaş millilərimizin əksər toplanışlarına çağırılan türkiyəli Vardarı bizə «2003»lərin keçmiş baş məşqçisi Vüqar Məmməd «calaq eləmişdi». AFFA da bu futbolçuya görə filan qədər xərc çəkmişdi. Çempionlar Liqasında «Ayaks»la oyunda «Beşiktaş»ın heyətində meydana çıxan Berkaya Azərbaycan pasportu görünür bura qədər lazım imiş. Bildiyim qədər seçmə mərhələnin oyunlarına çağırılıb. Amma… Vecinə almayıb.


Mətləbdən bir qədər uzaqlaşdım. Futbolçularımızın çıxış etdiyi komandalardan bəhs edirdim. 2003-cü il təvəllüdlü yalnız 1 futbolçumuzun karyerası özümüzə görə gözoxşayandır. O da «Zirə»li Cəlal Hüseynovun. Cəlalın U-19-a qoşulmamasına millimizin baş məşqçisi Canni de Byazi səbəb oldu. Cəlal Qətərlə oyunda cəmi 1 dəqiqə meydanda göründü. Deyəsən, heç topa toxunmadı da. 1 dəqiqəyə görə U-19-u əsas müdafiəçisiz və lidersiz qoymağa dəyərdimi? Hər halda gənc futbolçumuz 18 yaşında millidə debüt etdi. Uğurlar arzulayırıq!

Belə bir birincilikdə çıxışla Avropanın aparıcı çempionatlarında oynayan, tanınmış klubların formasını geyinən futbolçulara qarşı hansı nəticə narazı olanları razı sala bilərdi? İspaniyanı, Belçikanı məğlub etmək? Bir daha təkrar edirəm, mümkün deyil! Kimliyindən asılı olmayaraq, istənilən məşqçi bərbad futbolu olan ölkənin yığması ilə uğursuzluğa məhkumdur. Lüksemburqa qalib gəldiyimizə şükür etmək lazımdır.

Maraqlı fakt: Məşhur transfermarkt saytına görə İspaniyanın U-19 millisinin (22 futbolçu) qiyməti 14,65 milyon, Belçikada isə bu rəqəm 11 milyon avrodur (4 futbolçunun qiyməti göstərilməyib – red.). Müqayisə üçün bizim «Səbail»in 24 futbolçusunun cəmi transfer qiyməti 3,83 milyondur. «Qəbələ»də bu rəqəm 3,5 milyon (23 futbolçu), «Keşlə»də isə 4,96 milyondur (27 futbolçu). Tək Balde adıçəkilən klublarımızdan bahadı – 5 milyon avro. Yaxud, Belçikanın müdafiəçisi, 16 yaşı yayda tamam olmuş «Brügge»li Noa Mbambanın transfer qiyməti 3 milyon avro göstərilib! Adama gülməli gəlir, amma «Neftçi»nin futbolçularının ümumi transfer qiymətləri 9,18 milyon təşkil edir ki, bu da İspaniya və Belçikanın U-19 millilərindən aşağıdır. «Qarabağ»a gəlincə, futbolumuzun üzünü ağ edən klubun 24 futbolçusunun cəmi transfer qiyməti 12,28 milyon avrodur. O ki qaldı U-19 millimizin qiymətinə… 3 futbolçumuz qiymətləndirilib – cəmi 75 min! Qalanları qiymətsizdir…

Belə... Premyer Liqası 8 komandanın ümidinə qalan, iştirakçı tapılmadığına görə Divizionu əvəzedicilərin çempionatının ləğvi hesabına yaşadılan, akademiyaları bərbad vəziyyətdə olan… bir sözlə, bataqlıqda boğulan futbolumuzun istər əsas, istərsə də digər millilərindən bundan artığını gözləməyə dəyməz! İndi özünüz deyin, kimdən narazı qalmalıyıq? Komandası Lüksemburqu məğlub edən Elxan Abdullayevdən, yoxsa?..

İlqar TAĞIYEV

Digər Xəbərlər
Xəbər Lenti