
“Karantin günlərimi evdə keçirirəm, bütün günü idmanla məşğul oluram. Gün necə gəlib-geçir, heç bilmirəm“.
Sportinfo.az xəbər verir ki, bu sözlər xalq artisti Niyaməddin Musayevə məxsusdur.
80 yaşlı tanınmış sənətçi bildirib ki, koronavirus pandemiyasının davam etdiyi bugünlərdə evdə qalmaq vacibdir: “Prezident öz vətəndaşlarının sağlamlığının qayğısına qalaraq, karantin rejimi tətbiq edib. Biz də bir vətəndaş kimi bu ölkənin qanun-qaydalarına hörmət etməliyik.
Mən əvvəllər də idmanla məşğul olurdum. Karantin günlərində özümü məşqlərə həsr etmişəm. Hazırda idman zalları bağlı olduğu üçün evdə məşq edirəm.
Yəqin ki, buna görə 80 yaşımda da gümrah qala bilmişəm. Sənətimdən heç vaxt kənarda qala bilmərəm.
Bu günlərdə ən çox nə üçün darıxıram? Doğrudur, dostlarımızla, yaxınlarımızla hər gün telefonla zəngləşib, hal-əhval tuturuq. Amma çox arzulayıram ki, bu koronavirus bəlası tez qurtarsın, insanlar əvvəlki kimi rahat hərəkət edə bilsinlər. Ən çox bunun üçün darıxıram“.