COP29

Mahirin atası: "Onsuz da hamı oğlumu Mədətov kimi tanıyır"

28 Avqust 2019 17:05 Maraqlı 2 527
Mahirin atası: "Onsuz da hamı oğlumu Mədətov kimi tanıyır"

Məhşur prodüser, “Qarabağ” və milli komandamızın forvardı Mahir Emrelinin atası Anar Mədətov Sportinfo.az-a açıqlama verib.

O, sabah “Qarabağ”ın pley-off mərhələsinin cavab qarşılaşmasında “Linfild”ə qalib gələcəyinə inandığını bildirib. Həmçinin azarkeşləri sabahkı oyunda komandaya dəstək olmağa çağırıb:

"Tək mən yox, “Qarabağ”dan bütün Azərbaycan qələbə gözləyir. Haralı olmağımızdan asılı olmayaraq, “Qarabağ”a hamımız dəstək verməliyik. Heç olmasa, iki saatlıq “Qarabağ”lı olaq, uşaqlara stimul verək.

Oğlum orada oynadığına görə demirəm. “Qarabağ” adı ilə xaricə gedəndə bir çoxlarının içində stress yaşanır. İnanıram ki, “Qarabağ” sabah “Linfild”ə qalib gələrək bizi sevindirəcək.

Hər zaman insanlara deyirəm ki, “Qarabağ” uduzanda belə, söyməyək. Bir “Qarabağ”ımız var da. Birinə deyirlər qocadır, hələ də oynayır, birinə deyirlər cavandır, indidən niyə oynayır?. Futbolçunun nəslini, valideynini niyə söyürlər? Heç kimin ailəsi haqda pis sözlər demək olmaz. Elə onun əvəzinə gəlin, komandamıza dəstək olaq, birlik göstərək”.

Anar Mədətov oğlunun xarici kluba keçmək ehtimalını da dəyərləndirib. Onun fikrincə, Mahir xaricə yollansa, daha yaxşı olar:

"Arzum var ki, Mahir buradan getsin, xaricdə oynasın. Mənim üçün pul önəmli deyil. Qurban Qurbanov başda olmaqla, “Qarabağ”dan heç kim deyə bilməz ki, Anar Mədətov bizimlə indiyə qədər pul söhbəti edib. Həmişə demişəm ki, necə məsləhətdirsə, elə olsun.

Bundan əvvəl Vaqif Cavadov “Qarabağ”dan xaricə yollanmışdı. Ondan sonra kim gedib, nəsə edib? Qoy, bir azərbaycanlımız da getsin də. Ermənilərin bir Mxitaryanı var, onu ediblər futbolun peyğəmbəri. Hər ölkənin güclü futbolçusu olur. Bizdə də olsun da.

Mən demirəm ki, Mahir olsun. Öz oğlumu desəm, başlayacaqlar min cür şərh yazmağa, ağızlarına gələni deyəcəklər. Oğlumu tərifləmirəm, sadəcə, istəyirəm ki, futbolçularımız xaricə getsinlər”.

Prodüsser Mahir Emrelinin yenidən Mədətov soyadını daşıyıb-daşımayacağına da aydınlıq gətirib: “Bu məsələdə onun üstünə getmirəm. Çünki yaxınlarım da mənə dedi ki, buna ehtiyac yoxdur. 10 milyon əhali onsuz da Mahiri Mədətov kimi tanıyır.

Emreli olanda da fərqi yoxdur, onsuzda hamı bilir ki, Mahir Anarın oğludur. Heç kim hazıra nazir olmasın. Onun üzərində atası ilə yanaşı, nənəsi, əmisinin əziyyəti çoxdur. Mədətov tanınmış nəsildir. Ona həmişə demişəm ki, sən evdə böyüksən, mən kənardayam, gecə də olsa, səhər də olsa, hər zaman yanındayam.

Futbolu bilmirəm, heç kimə də indiyə qədər zəng vurub Mahirə görə xahiş etməmişəm. “Vətən”də yetişib, “Bakı”da Nurəddin, Yüksel hoca onun əziyyətini çəkib. İndi nə etmək olar, həyat dəyişdi, Hafiz müəllimin işləri belə alındı. Onlar Mahiri çox yerə göndərmişdilər, əziyyətini çəkmişdilər. Abdulla Zubir Mahiri elə “Lans”dan tanıyır. Həyatdır da, demək ki, mən heç kimə pislik etməmişəm. Mahir “Bakı”dan “Qarabağ”a gəldi, oradan da bəlkə xaricə getdi”.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq